
Bakı. Trend:
Bu gün Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri
çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris
kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə bildirilib ki, tədbirdə Universitetin rektoru Andrey Korol
Azərbaycan parlamentinin spikerinin tərcümeyi-halı haqqında məlumat
verib və Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri
professoru adı verilməsi haqqında Elmi Şuranın qərarını elan
edib.
Sonra rektor Belarus Dövlət Universitetinin Fəxri professoru
diplomunu və mantiyasını spiker Sahibə Qafarovaya təqdim edib.
Mərasimdə spiker Sahibə Qafarova Belarus Respublikasının ilk
dövlət universiteti, bu ölkənin ali təhsilinin flaqmanı olan belə
bir nüfuzlu universitetdə olmaqdan məmnunluğunu və Belarus Dövlət
Universitetinin Fəxri professoru adına layiq görüldüyünə görə
minnətdarlığını bildirib.
Tədbirdə Belarus Milli Assambleyası Respublika Şurasının sədri
Natalya Koçanova çıxış edərək, Milli Məclisin sədri Sahibə
Qafarovanı təbrik edib.





























