
Avropa İttifaqına daxil olan 27 ölkənin
vətəndaşlarından ibarət birpalatalı Avropa Parlamenti AİM-nin
siyasi strukturudur.
Aİ-nin təsis sənədlərinə müvafiq olaraq Avropa Parlamenti Aİ
Şurası ilə birlikdə qanunverici, büdcə, siyasi nəzarət və məşvərət
funksiyalarını həyata keçirir.
Plenar iclaslarının Strasburqda keçirildiyi, katibliyinin
Lüksemburqda yerləşdiyi, komissiyalarının isə Brüsseldə fəaliyyət
göstərdiyi Avropa Parlamentinin heyəti hər 5 ildən bir seçilir.
Aİ-nin 27 ölkəsində Avropa Parlamentinə seçkilər proporsional
sistem üzrə keçirilir. Seçilmiş deputatların sayı 720 nəfərdir.
Avropa Parlamentiə keçirilmiş son seçkilərlə bağlı ümumi duruma
nəzər salmazdan əvvəl, nəticələrin nələr vəd etdiyini təxmin etməyə
çalışaq.
Əsas məsələ budur ki, seçkilərdə radikal sağçı və mərkəzçi-sağçı
partiyalar ciddi uğurlara nail olsalar da, onların arasında sıx
kooperasiya və birlik yoxdur.
Avropa Parlamentində və ümumiyyətlə, Avropa İttifaqının
siyasətində sas dəyişikliklər “yaşıl siyasət”lə, yəni ətraf mühitin
mühafizəsi tədbirləri ilə bağlı olacaq.
Aİ-də mühacirlərlə bağlı siyasətin sərtləşməsini düşünmürük,
çünki qanunsuz mühacirlərin sayını azaltmaq və axınını səngitmək
üçün Brüssel illər əvvəl Türkiyə və Tanzaniya kimi ölkələrlə, daha
sonra Liviya və Mərakeş təki Şimali Afrika dövlətləri ilə
anlaşmalar imzalayıb.
Aİ-nin Şərqə doğru genişlənməsi prosesi, xüsusilə də Ukraynanın
və Moldovanın İttifaqa qəbulu məsələsi daha uzaq perspektivlərədək
yubana bilər.
Etiraz edəcək əsas ölkələr fermerləri Aİ-dən əhəmiyyətli həcmdə
dotasiya alan Fransa, Belçika, Polşa, Slovakiya, Çexiya və Rumıniya
olacaqlar. Taxıl istehsalı böyük olan Ukraynanın Avropa İttifaqına
qəbul olunması həmin fermerlər üçün arzuolunmaz perspektivlər vəd
edir.
Müdafiə xərclərinə gəldikdə isə, sağçıların və radikal
sağçıların uğurlarına rəğmən, Aİ-nin siyasətində ciddi
dəyişikliklər təxminlənmir. Ukraynada gedən hərbi əməliyyatlar
müdafiə xərclərini Aİ üçün prioritet məsələlərdən birinə
çevirib.
Seçkilərin nəicələrinə gəldikdə – mərkəz sağçı Avropa Xalq
Partiyası mövqelərini daha da möhkəmləndirib. Son hesablamalara
görə, AXP Avropa Parlamentindəki 720 mandatdan 184-nə yiyələnib və
ötən seçkilərlə müqayisədə 10 mandat daha çox qazanıb.
Sonrakı yerləri sol-mərkəzçi “Sosialistlərin və Demokratların
Mütərəqqi Alyansı” (139 yer) və liberal-mühafizəkar “Avropanı
Yeniləyərək” (Renew) qrupu (80 yer) tutublar. Beləliklə, mərkəzi və
mühafizəkar yönlü partiyalar Avropa Parlamentində 400-dən çox
mandat əldə ediblər.
Fransa və Almaniyadakı uğurlara rəğmən, sağ-mərkəzçi və radikal
sağçı partiyalar Avropa Parlamentindəki yerlərinin sayını
əhəmiyyətli dərəcədə artıra bilməyiblər. Belə ki, “Avropa
Mühafizəkarları və İslahatçıları” Alyansı 73, “İdentiklik və
Demokratiya” isə 58 mandata yiyələniblər.
“Avropanın Birləşmiş Solları” koalisiyası 38 mandat qazanıbsa,
heç bir fraksiyanın üzvü olmayan deputatlar 98 yer alıblar.
“Yaşıllar” isə ciddi uğursuzluğa düçar olublar: ötən seçkilərdə 71
mandat aldıqları halda indi onların mandatlarının sayı 52-dir.
İfrat sağçı və radikal partiyalar isə bayram edirlər. Məsələn,
Almaniyada səslərin 15,6 faizini qazanmış sağçı-populist “Almaniya
üçün Alternativ” partiyası Avropa Parlamentində 14 yerə
sahiblənib.
Ümumiyyətlə isə, Almaniyadakı seçkilərdə iqtidardakı
Xristian-Demokratik İttifaq və Bavariyadakı Xristian-Sosialist
Birlik koalisiyası 30,3 faiz səslə ilk yeri tutub. Almaniya
Sosial-Demokrat Partiyası isə tarixi boyu ən pis nəticə göstərərək
səslərin cəmi 14,1 faizin alıb.
Fransada ifrat sağçıların “Milli Birlik” alyansı səslərin 31,5
faizini, prezident Emmanuel Makronun lider olduğu “İntibah”
partiyası isə 14,5 faizini qazanıb. Məhz bu səbəbdən E.Makron
Avropa Parlamentinə seçkilərin nəticələri bəlli olan kimi ölkə
parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxılması
və növbədənkərar seçkilərin keçirilməsi barədə fərman
imzalayıb.
Fransada Milli Assambleyaya seçkilərin ilk mərhələsi iyunun
30-na, ikinci mərhələ isə iyulun 7-nə təyin olunub. Mari Le Penin
lider olduğu “Milli Vəhdət” seçkilərdə parlament çoxluğuna nail
olarsa, Emmanuel Makronun daxili siyasətə təsir imkanları minimuma
enəcək.
Belçikada da sağlar qalib gəlib.
“Flamand marağı” səslərin 13,9 faizini toplayıb. Baş nazir
Aleksander de Kronun başçılıq etdiyi “Açıq Flamand Liberallarıvə
Demokratları” Partiyası 5,4 səslə fiaskoya uğrayıb. Nəticədə baş
nazir istefa verib.
Hollandiyada radikal sağçı Gert Vildersin Azadlıq Partiyası 6
mandata yiyələnibsə, Kiprdə ifrat sağçı ELAM partiyası tarixində
ilk dəfə Avropa Parlamentində təmsil olunmaq hüququ əldə edib.
Sağçılar İtaliyada (“İtaliyalı Qardaşlar” – səslərin 28,5
faizi), İspaniyada (“Xalq Partiyası” – 34,! faiz) və Avstriyada
(“Avstriya Azadlıq Partiyası” – 25,7 faiz) da qalib gəliblər.
Beləliklə, Fransa, Almaniya və İtaliyada radikal sağçı siyasi
qüvvələrin uğurları onlara Avropa Parlamentində deputat
mandatlarının faktiki olaraq 25 faizinə yiyələnməyə imkan
verib.
Avropa İttifaqı ölkələri arasında ifrat sağçıların və
radikalların ən ciddi uğura nail olduqları ölkə Fransadır. Avropa
Parlamentində Fransa üçün nəzərdə tutulmuş 81 mandatlıq kvotanın 30
mandatına yiyələnmiş “Milli Vəhdət” Partiyası faktiki olaraq rəsmi
Parisin fiaskosu sayıla bilər.
Bütün bunlara rəğmən, Avropa İttifaqındakı sağ mərkəzçilər, sol
mərkəzçilər, liberallar və «yaşıllar» 720 mandatdan 460-na
yiyələnərək çoxluğu qoruyub saxlayıblar.
Üstəlik, sağçılar arasında da ciddi fikir ayrılıqları və
toqquşmalar var.
Belə ki, “Milli Vəhdət”in lideri Mari Le Pen “Almaniya üçün
Alternativ»i sərt tənqid edərək, partiyasından olan deputatların
Avropa Parlamentində «ifrat dərəcədə radikalizmə yuvarlanmış
almanlarla koalisiya yaratmayacaqlarını» bəyan edib.
“İdentiklik və Demokratiya” alyansı Avropa İttifaqında hərbi
inteqrasiyaya qarçı çıxır, italyan sağçılar isə tam əksinə, Avropa
İttifıqının birgə ordusunun yaradılmasına çağırırlar.
Beləliklə, seçkilərin Avropa İttifaqının strategiyasında və
siyasətində köklü, genişmiqyaslı dəyişikliklərə səbəb olmayacağını
deyə bilərik.





























