Advertisement

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin növbəti iclası keçirilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Komitənin sədri
Hicran Hüseynova gündəliyə dörd məsələnin – Azərbaycan
Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, habelə
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci
oxunuşda və ikinci oxunuşda olan Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin
daxil edildiyini söyləyib.

H.Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində,
Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki,
layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum
nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının
alınması məqsədilə hazırlanıb. O, qeyd edib ki, qanunvericilikdə
üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva
edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına
çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə
nəticələnir. Komitə sədri diqqətə çatdırıb ki, layihədə adları
çəkilən məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması
ilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşda
olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən
evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə
görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi
təklif olunur.

Sənədə əsasən, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının
dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə”
deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi
müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini
genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına
çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya
yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan
şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış
şəxs üçün məsuliyyət müəyyən edir.

Layihədə İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil
edilməsi təklif olunur ki, burada on altı yaşına çatmayan şəxs
barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər
şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan
şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına
çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər
sövdələşməyə daxil olmağa görə cərimə və ya işin hallarına görə,
inzibati həbs tətbiq olunur. Həmçinin, ictimai iaşə obyektlərini
idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin
keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini
kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü
maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə
mühüm addımlardan biri olacaqdır.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması
yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı
təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində
(Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı
qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar,
o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı,
həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın
bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə
tutulur.

Məsələ ətrafında müzakirələrdə çıxış edən Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədr müavini Jalə Əliyev, üzvləri Rəşad
Mahmudov, Sədaqət Vəliyeva, Tamam Cəfərova, Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov layihədə təklif
olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını bildiriblər.
Millət vəkilləri sənədin milli-mənəvi dəyərlər nöqteyi-nəzərindən,
insanların sağlamlığının qorunması, insan hüquqlarının təmin
edilməsi baxımından əhəmiyyətini qeyd ediblər, layihədə əks olunan
hallarla bağlı maarifləndirmə işinin təşkilinin önəmindən söhbət
açıblar.

Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov, Daxili İşlər Nazirliyinin Baş
İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla
profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi
təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin
Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin
aparıcı məsləhətçisi Nərgiz Məmmədli məsələyə dair bəzi qeydlərini
səsləndiriblər. Komitə iclasında çıxış edən parlament Aparatının
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun
layihəsinin vacibliyini qeyd edərək, dəyişikliklərin mahiyyəti
barədə öz fikirlərini açıqlayıb, habelə deputatların qaldırdıqları
məsələlərə aydınlıq gətirib.

Sonra iclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində,
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə
baxılıb.

Məsələ barədə məlumat verən komitə sədri Hicran Hüseynova
diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərdə “elektron
xidmət”in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının və
sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin
istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata
keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət
informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları
üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur.
Layihədə ümumilikdə dövlət informasiya ehtiyatlarının və
sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan
məsələlərə dair əsas müddəalar əks olunur.

Qeyd olunub ki, dəyişikliklərin bir qismi isə dövlət orqanları
tərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı Elektron
Hökumət İnformasiya Sistemindən istifadənin daha da
genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxt
itkisinin qarşısının alınması dövlət orqanları arasında məlumat
mübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədilə
hazırlanıb. Layihədə, həmçinin normativ aktlar arasında uyğunluğun
təmin edilməsi və dəqiqləşdirmə məqsədi daşıyan digər dəyişikliklər
də öz əksini tapıb.

Sənədlə bağlı deputatlar Sevil Mikayılova və Nurlan Həsənov öz
fikirlərini səsləndiriblər.

İclasda, habelə Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihələri də ikinci oxunuşda nəzərdən keçirilib. Bildirilib
ki, Məcəllənin nikahın bağlanmasına mane olan halları əks etdirən
12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, aralarında
nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən
biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə
tutulur.

Digər layihədə Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik
edilməsi təklif olunur. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-ci
maddəyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya
konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan
vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş
xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət
etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud
yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə
bilərlər. 13.5-2-ci maddədə isə diplomatik nümayəndəliklərdə və ya
konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə
bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb
müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini
təsdiq edən sənədin əlavə olunması müəyyən edilir.

Müzakirəyə təqdim edilən qanun layihələrinin hər biri baxılmaq
üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Sevil Mikayılova, Nigar Arpadarai, Pərvin
Kərimzadə, Könül Nurullayeva, DİN Bas Təşkilat-İnspeksiya
İdarəsinin Hüquqi təminat şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə
baş inspektoru Muraz Səmədov və digər rəsmi şəxslər iştirak
ediblər.