
Bakı. Trend:
Ölkəmizin ABŞ-də səfiri Xəzər İbrahim 10 iyun tarixində
Vaşinqton şəhərinin Beynəlxalq Tələbə Evində hibrid formatda
keçirilən tədbirdə çıxış edib.
Azərbaycanın ABŞ-dəki Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir amerikalı
tələbənin pianoda ifası ilə dövlət himnimizin səsləndirilməsiylə
başlayıb.
Tədbirə ev sahibliyi edən Vaşinqton şəhərinin Beynəlxalq Tələbə
Evinin baş icraçı direktoru Daniyel Bremer, idarə heyətinin sədri,
sabiq səfir Mişel Bond və ABŞ-də təhsil alan azərbaycanlı tələbə
Cavid Rəhimli Azərbaycan səfirini və tədbirdə iştirak edən xarici
qonaqları salamlayıb.
Tədbirdə səfir X.İbrahim iqlim dəyişikliyi və Azərbaycanın COP29
sədrliyi haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Diplomat Azərbaycanın ətraf mühit və iqlim fəaliyyətinə COP29
sədrliyindən daha çox öncə başladığını vurğulayaraq, ölkəmizin
külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üçün
böyük potensiala malik olduğunu qeyd edib. Ölkəmizin bir sıra
bölgələrində günəş enerjisinə birbaşa xarici investisiyalara maraq
olduğunu qeyd edən səfir, özəl sektorun vacib rolundan və bu
xüsusda əməkdaşlığın davam etidirilməsinin vacibliyindən bəhs edib.
Səfir həmçinin, Azərbaycanın COP29 sədrliyi zamanı əsas
prioritetlərdən birinin iqlim maliyyəsi olduğunu qeyd edib.
Diplomat COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionu ərazisinin
illər əvvəlki və hazırki vəziyyətindən, eləcə də bundan əvvəl Bakı
şəhərində “Qara şəhər” adı ilə tanınan ərazidən və “Ağ şəhər”
konsepsiyasından bəhs edərək, bu dəyişimin və nəaliyyətlərin
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi
planının bir nəticəsi olduğunu vurğulayıb. Daha sonra, səfir iqlim
fəaliyyətində gənclərin əhəmiyyətli rolundan söz açaraq, gənclərin
iqlim proseslərində iştirakının önəmini xüsusilə qeyd edib.
Çıxışının sonunda diplomat qeyd edib ki, bundan əvvəl bir çox
COP-lar keçirilmişdir və bir sıra məqsədlər irəli sürülüb, lakin
Azərbaycanın COP29 sədrliyinin məqsədi yeni məqsədlər irəli sürmək
olmadığını, keçmişdə qarşıya qoyulan məqsədlərin icra olunmasının
təmin edilməsi olduğunu vurğulayıb.
Tədbir zamanı qonaqlara Azərbaycan və ölkəmizin COP29 sədrliyinə
dair video-çarxlar təqdim olunub, daha sonra sual-cavab sessiyası
baş tutub.
Tədbirin sonunda xarici qonaqlara milli mətbəximizin təamları
təqdim olunub.





























