Advertisement

Sinqapurlu nazir Prezident İlham Əliyevlə qarşılaşması barədə xatirələrini bölüşüb (FOTO)

Bakı. Trend:

Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammiti
keçirilib. Dünyanın bir sıra şəhərlərinin başçılarının iştirak
etdiyi Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar
Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İcra Hakimiyyətindən Trend-ə bildirilib ki, Banqkok, Qlazqo,
Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla, ümumilikdə 87
ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu
şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub.

Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam
olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər
müzakirə edilib.

Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar
Əzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildirib
ki, bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Bakı
şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda
400-ə yaxın park salınıb və hazırda 10 yeni meqa-parkın tikintisi
aparılır.

Səfər çərçivəsində nümayəndə heyətinin Sinqapurun davamlılıq və
ətraf mühit naziri xanım Greys Fu ilə görüşü keçirilib. Xanım nazir
Prezident İlham Əliyevlə qarşılaşması barədə xatirələrini bölüşüb,
onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analiz
etmə qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb.

Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləri
təqdim edib.

“Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident
İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi
diqər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira
göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli
və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq
gələn çoxsaylı turistlər qeyd edir”, – səfəri şərh edərkən Eldar
Əzizov qeyd edib.