
Bakı. Trend:
Azərbaycan NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə
əhəmiyyətli ölkədir.
Trend-in məlumatına görə, bunu NATO-nun Baş katibi Yens
Stoltenberq AZƏRTAC-a müsahibəsi zamanı bildirib.
“Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz
təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb.
Bu proses çoxsürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı
alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20
milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz
tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir
sıra müttəfiqlər üçün çox vacibdir. Mən, həmçinin təkcə təbii qaz
deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı
sahəsində atılan addımları yüksək qiymətləndirirəm. Azərbaycan
tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün
enerji təminatçısı kimi rolunu artıracaq.
Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə
bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində
göstərdiyi səylərin tərkib hissəsidir. Bununla Azərbaycan böyük
enerji keçidi edə bilər. İqlim dəyişikliyi ilə mübarizə aparmaq
istəyirsinizsə, bu, baş verməlidir. Bu kontekstdə COP29-un
Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin
noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək.
Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim
dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı
qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini
təmin etmək üçün böyük investisiyalar çox vacibdir”, – deyə Yens
Stoltenberq vurğulayıb.





























