
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev 12-13 iyun 2024-cü il tarixlərində Belçikada səfərdə
olub.
Trend xəbər verir ki, səfər
çərçivəsində Hikmət Hacıyev NATO mənzil-qərargahında müttəfiq
dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi
dialoqda iştirak edib.
İclas zamanı Hikmət Hacıyev müttəfiqlərlə Azərbaycan-NATO
tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri,
ölkəmizin regional nəqliyyat bağlantıları və Avropanın enerji
təhlükəsizliyində əhəmiyyətli rolu, COP29-a hazırlıq prosesi,
Azərbaycanın iqlim və yaşıl həmrəylik gündəliyi, eyni zamanda
Ermənistanla normallaşma prosesi və sülh gündəliyinin
irəlilədilməsi ətrafında müzakirələr aparıb.
Müttəfiqlər Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə
dəstək bildirmiş və NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycanın
Alyansla tərəfdaşlığı yüksək qiymətləndirilmiş, habelə NATO-nun
missiya və əməliyyatlarına töhfələri, Ukraynaya göstərdiyi
hümanitar dəstəyi təqdir edilib. Eyni zamanda Azərbaycanın regional
nəqliyyat bağlantılarında və Avropanın enerji təhlükəsizliyində
əhəmiyyətli rolu vurğulanmış, ölkəmizin yaşıl enerjiyə keçid və
iqlim dəyişikliyinə qarşı mübarizədə səyləri alqışlanaraq COP29-a
sədrliyinə dəstək ifadə olunub. Müttəfiqlər yekdilliklə
Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və sülh
gündəliyinə dəstək bildirərək iki ölkə arasında dövlət sərhədinin
delimitasiyasına dair əldə olunan son razılaşmanı alqışlayıb.
Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş katibinin
İnnovasiya, Hibrid və Kiber üzrə köməkçisinin müavini Ceyms
Appaturay, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi
nümayəndəsi Xavier Kolomina və Türkiyənin NATO yanında daimi
nümayəndəsi Zeki Levent Gümrükçü ilə görüş keçirib.
Qeyd edək ki, bu il Azərbaycan-NATO tərəfdaşlığının əsasını
təşkil edən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin
imzalanmasının 30-cu ildönümü tamam olur.





























