
Bakı. Trend:
Ənənəvi olaraq Fransada güclü olan erməni lobbisi yerli
mətbuatda Azərbaycana qarşı irimiqyaslı kampaniyaya başlayıb.
Bakı-Paris münasibətlərində Emmanuel Makronun təhrik etdiyi
böhrandan yararlanan erməni fransızdilli media resursları az qala
hər gün Azərbaycanın ünvanına böhtanların və fantastik iddiaların
olduğu yazılar tirajlayır. Sevindirici haldır ki, Fransa
mətbuatında bu anti-Azərbaycan iddialar arasında regionumuzda baş
verənlərə dair həqiqəti söyləyən səslər də var.
Belə ki, Parisin “La Gazette du Caucase” qəzetində dərc olunan
məqalədə jurnalistlər Bakını “Qarabağda erməni irsini məhv etməkdə”
ittiham edən fransızdilli erməni nəşri “Armenews”un təxribat
xarakterli məqaləsini təkzib ediblər.
“Hətta iki ölkə arasında münasibətlərin ən pis dövrlərində belə
Azərbaycanda erməni kilsələri fəaliyyət göstərməyə davam edib.
Lakin Qarabağ erməni işğalı altında olduğu müddətdə həmin
ərazilərdəki Azərbaycan məscidləri anbar və ya tövlə kimi istifadə
olunub, tarix və mədəniyyət abidələri isə vandalizmə məruz qalıb.
Qarabağda yüzlərlə mədəniyyət və dini abidə dağıdılıb, lakin bu
abidələr Azərbaycanın olub, onları dağıdan isə ermənilər olub”, –
deyə “La Gazette du Caucase” qeyd edir.
Nəşr yazır ki, etnik, konfessional və mədəni müxtəliflik daima
Azərbaycanın bir növ “vizit kartı” olub.
“Azərbaycan və onun prinsipləri böyük hörmətə layiqdir.
Çoxəsrlik tarixi və İpək Yolu üzərindəki strateji mövqeyi sayəsində
müxtəliflik daima Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olub. Bu
gün Azərbaycanın şəhər və rayonlarında müxtəlif etnik qruplar dinc
şəkildə yaşayır, bərabər hüquqlardan istifadə edir və inkişaf
edir”, – deyə jurnalistlər yazır.
İrsin məhv edilməsi ilə bağlı ittihamlara gəlincə, Paris qəzeti
vurğulayır ki, ermənilər uzun illər ərzində Cənubi Qafqazın
tarixini təhrif edərək feyklərlə doldurub.
“Uzun illər ərzində Ermənistan tərəfi Azərbaycan ərazisində guya
“erməni irsinin məhv edildiyini” bar-bar bağıraraq, tarixi alban
məbədlərinin bərpasına mane olmağa çalışıb. İndi isə, 200 il
ərzində ilk dəfə olaraq Alban-Udi Xristian İcması sərbəst şəkildə
öz məbədlərini ziyarət edə və əcdadlarının inşa etdiyi kilsələrdə
edə bilər. Ermənilər artıq bölgənin tarixini istədikləri kimi diqtə
edə bilmirlər”, – məqalədə deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























