
Bakı. Trend:
İyunun 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi
Aparatında YAP-ın dəvəti ilə ölkəmizdə səfərdə olan Qazaxıstanın
“AMANAT” partiyasının İcra katibi Daulet Kəribekin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş keçirilib.
Trend xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini
– Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə məlumat verib ki,
“AMANAT” partiyasının nümayəndələri iyunun 15-də Şuşa şəhərində
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri
Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” mövzusunda keçiriləcək beynəlxalq
konfransda iştirak etmək üçün ölkəmizə səfər ediblər.
Tahir Budaqov Azərbaycan ilə Qazaxıstan arasında tarixi köklərə
və ortaq dəyərlərə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin
nümunəvi xarakter daşıdığını və yüksələn xətt üzrə inkişaf etdiyini
bildirib.
Beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk
dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyən YAP Sədrinin
müavini qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan milli maraqlara
əsaslanan siyasət həyata keçirməklə türk dövlətləri arasında
münasibətlərin inkişafına və Türk Dövlətləri Təşkilatının
gücləndirilməsinə dəyərli töhfələr verirlər: “Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır”.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinin bərpasından sonra yaranmış reallıqlar nəticəsində
Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə
yüksəlib: “Ölkələrimizin birliyi Türk dünyasında tərəqqiyə xidmət
edir və yeni mərhələdə birgə fəaliyyətimiz Türk Dövlətləri
Təşkilatının qlobal güc mərkəzinə çevrilməsinə hədəflənib”.
Azərbaycanla Qazaxıstanın hakim partiyaları arasında
münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən
Tahir Budaqov “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun
olaraq partiyalarımız arasında əməkdaşlığın genişləndirilməsi
yönündə sistemli fəaliyyətimizi uğurla davam etdiririk”,- deyə
bildirib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə “AMANAT” partiyası
arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun
imzalanması partiyalararası münasibətlərin inkişafında yeni
mərhələnin əsasını qoyacaq, çoxşaxəli əməkdaşlığın əsaslarını daha
da möhkəmləndirəcəkdir: “Qarşılıqlı səfərlərin həyata keçirilməsi,
fikir və təcrübə mübadiləsinin aparılması, işbirliyinin uğurla
davam etdirilməsi həm partiyalar, həm də dövlətlər arasında
münasibətlərin inkişafına töhfələr verəcək. Birlikdə görəcəyimiz
işlər bizə yeni nailiyyətlər qazandıracaq”.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən “AMANAT”
partiyasının İcra katibi Daulet Kəribek dəvətə, yüksək
qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib.
Azərbaycan ilə Qazaxıstanın qarşılıqlı faydalı işbirliyinə
xüsusi əhəmiyyət verdiklərini qeyd edən D.Kəribek hər iki ölkənin
dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da
gücləndirmək əzmində olduğunu vurğulayıb.
Türk Dövlətləri Təşkilatının ölkələrimiz və bütün Türk dünyası
üçün səmərəli əməkdaşlıq platforması olduğunu diqqətə çatdıran İcra
katibi qeyd edib ki, TDT-nin beynəlxalq münasibətlər sistemində
rolunun artırılması real strateji hədəfdir və bu istiqamətdə
səylərin səfərbər edilməsi olduqca önəmlidir.
Daulet Kəribek siyasi partiyaların dövlətlərarası münasibətlərin
inkişafında önəmli rol oynadıqlarını vurğulayaraq YAP ilə “AMANAT”
partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında
Memorandumun imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu
bildirib. O, Memorandumda əksini tapan məsələlərin partiyalararası
əməkdaşlığın əsas istiqamətlərini və ümumi hədəfləri müəyyən
etdiyini diqqətə çatdırıb.
İyunun 15-də Şuşa şəhərində keçiriləcək beynəlxalq konfransa
dəvətə görə rəhbərlik etdiyi nümayəndə heyəti adından
minnətdarığını ifadə edən Daulet Kəribek tədbirin bütün iştirakçı
tərəflər üçün faydalı olacağına və səmərəli nəticələr verəcəyinə
əminliyini ifadə edib.
Qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərin də müzakirə
edildiyi görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə “AMANAT”
partiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında
Memorandum imzalanıb. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov və “AMANAT” partiyasının İcra katibi
Daulet Kəribek imzalayıblar.





























