
Bakı. Trend:
Dünya çox ağır tarixi mərhələdən keçir. Dünyada
dövlətlərin sərhədləri sürətlə dəyişir. Belə bir mürəkkəb dövrün
davam etdiyi bir zamanda dövlətçiliyi daha da gücləndirmək və
beynəlxalq münasibətlərdə yeni əməkdaşlıqlar əldə etmək bu gün hər
dövlətin və siyasətçinin bacara biləcəyi iş deyil. Bütün bu
hadisələr fonunda Azərbaycan və Türkiyənin regionda, eləcə də
beynəlxalq qlobal sferada çox önəmli aktorlara çevrilməsi
prosesinin şahidiyik. Bakı və Ankaranın müxtəlif qlobal və regional
hadisələrdə ortaq qərarlar qəbul etməsi hər iki ölkənin növbəti
daha qətiyyətli və iradəli addımları üçün zərurət
yaradır.
Azərbaycan və Türkiyə 44 günlük Vətən müharibəsindən sonra – 15
iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi
mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də
Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu
Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə
inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni
tarixi gerçəklik deməkdir.
Bu gün Türkiyə və Azərbaycanın birliyi, bir-birinin haqq
savaşında yanında olması, onun səsinə səs verməsi olduqca önəmli
məsələdir. Bu önəm iki ölkənin dövlət başçılarının iştirakıyla
imzalanan Şuşa Bəyannaməsi ilə xüsusilə də artdı. Tariximizdə ilk
dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda
(Şuşada) qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən
Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin
imzalanması, dosta güvən, düşmənə dərd oldu.
Belə bir mürəkkəb dönəmdə, dünyanın yeni savaşlarla, yeni
işğallarla üz-üzə qaldığı bir vaxtda bu Bəyannamənin əhəmiyyəti
həyati oldu desək, yanılmarıq. Nəzərə alsaq ki, dünyada alovlanan
bəzi münaqişə ocaqlarının yaratdığı təhlükədən nə Türkiyə, nə də
Azərbaycan sığortalanmış sayıla bilməz. Məhz bu faktor Şuşa
Bəyannaməsinin əhəmiyyətini hər iki ölkə üçün olduqca artırmış
hesab edilir.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15
iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars
müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi
mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin
yenidən baş verməsinin şahidiyik. İndi də bölgə uğrunda ABŞ,
Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin açıq mübarizəsi
müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki,
hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir.
Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən
Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini
saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il
əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra
azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə
bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq
müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr,
iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər
siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz
Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər
bir məsələ çox böyük önəm daşıyır”.
Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il
bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100
il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də
təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin
nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa
çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan
dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin
başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100
il sonra tarixi ədaləti bərpa etdi.
Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi
gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında
imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən
regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin
qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu Bəyannamə
Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi
konfiqurasiyanın qurulmasının başlanğıcı hesab edilir. Bu, regionda
200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması
və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında
davam edəcək yeni regional düzənin başlanğıcı demək idi. Bu gün biz
həmin prosesi izləyirik. Artıq dünyanın super gücləri bölgədəki
proseslərlə bağlı istənilən məsələdə Bakı və Ankarının istək və
maraqlarını nəzərə almadan addım ata bilmir.
Şuşa Bəyannaməsinin hadisələrin bugünki axarında önəmi
danılmazdır. Prezident İlham Əliyev və Ərdoğanın imzaladığı Şuşa
Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir.
Məhz həmin tarixdən (15 iyun 2021-ci il) Bakı və Ankara
hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə
elan etdi. Bu gün bir çox xarici qüvvələri, regiona barmaq istəyən
dövlətləri ən çox narahat edən məqam da məhz bu müttəfiqliyin
günü-gündən daha da artmasıdır.
Bəyannamədə qeyd edildiyi kimi, iki dövlətin ərazi bütövlüyünə,
suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya
təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bu da bu gün
Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən
Ermənistandakı revanşist qüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və
qeyri-regional dövlətlər üçün çox mühüm ismarıcdır.
İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir
tələblərə uyğun olaraq yenidən formalaşdırılması və
modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi,
müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin
möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki
ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin
artırılması ilə bağlı da razılığa gəldi. Bəyannamədə hər iki
ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri
üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi ilə bağlı
qərara alınması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə
sıx və prinsipial olduğunun növbəti göstəricisidir. Bu o deməkdir
ki, bundan sonra Azərbaycan və Türkiyə təhdidlərə qarşı birgə
fəaliyyət göstərəcəklər və onlara uzanan şər barmaqları anında
kəsib atacaqlar.





























