
Ermənistan hakimiyyəti gün keçdikcə daha sərt
anti-Rusiya mövqeyi tutduğunu nümayiş etdirir. Baş nazir Nikol
Paşinyanın komandasında artıq elə bir nazir və ya siyasətçi
qalmayıb ki, İrəvanla Moskva arasındakı əlaqələrə “yeni baxış”dan
bəhs etməsin.
Nikol Paşinyanın özü isə ölkə parlamentindəki çıxışında bəyan
etdi ki, Ermənistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) sıralarını tərk etmək niyyətindədir.
“Amma bunun nə zaman baş verəcəyini dəqiq deyə bilmərəm. Bəs nə
bilmişdiniz?! Növbəti addım nə olacaq?! Elə bilirsiniz geri
qayıdacağıq?! Xeyr, başqa yol yoxdur. Narahat olmayın, geriyə dönüş
yoxdur”, – N.Paşinyan söyləyib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan daha sərt
danışıb: “Ermənistan sadəlövh uşaq kimi son anadək ümid edirdi ki,
Rusiya onu tək qoymayacaq, dövləti və erməni xalqını aldatmayacaq.
Amma aldadıldıq”.
Rəsmi İrəvanın ritorikasının kökündə – ermənilərin özlərinin
dediklərinə görə – 2-ci Qarabağ Müharibəsində Moskvanın İrəvana
yardım etməməsi durur. Yəni ermənilərin fikrincə, Rusiya KTMT üzvü
olan Ermənistana yardım üçün hərbçilərini döyüşə, Azərbaycana qarşı
vuruşmağa yollamalı və ərazilərimizin erməni işğalından azad
edilməsinə hər vəchlə mane olmalıydı.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu
hərbi əməliyyatları Ermənistan ərazisində aparmayıb. Belədirsə,
KTMT Nizamnaməsinə müvafiq olaraq Rusiya heç bir halda hərbi
əməliyyatlara qatıla bilməzdi.
KTMT çərçivəsində Rusiyanın Ermənistan qarşısında olan
öhdəlikləri İrəvanın işğalçı ambisiyalarının təminatını nəzərdə
tutmur.
Ermənistanın hakimiyyət dairələrinin aşkar anti-Rusiya
ritorikası ironiya doğurur. Ukraynada apardığı hərbi əməliyyatlar
səbəbindən Qərbin çoxsaylı və genihmiqyaslı sanksiyalarına məruz
qalan Rusiya ehtiyac duyduğu məhsulları, texnikanı və s.-ni
embarqolardan yayınaraq idxal etmək üçün bir sıra ölkələrdən, o
cümlədən, Ermənistandan yararlanır. 2022-ci ildən bəri Ermənistanın
ümumdaxili məhsulunda (ÜDM), xarici ticarətində və gəlirlərindəki
ciddi artımın səbəbi də məhz Rusiya ilə gerçəkləşdirilən paralel
idxaldır.
ABŞ, Avropa İttifaqı və Fransadan alınan vədlərə tam inanan,
verilən təlimatlar əsasında hərəkət edən Nikol Paşinyan indi
faktiki olaraq Rusiyanın hakimiyyət elitaları tərəfindən düşmən
kimi qəbul olunur.
Rusiya isteblişmenti, xüsusilə də siyasətçilər və mass-media
Ermənistanın mövcudluğuna görə məhz Rusiyaya borclu olduğunu,
Moskvanın əsrlər boyu erməniləri xilas etdiyini xüsusilə
vurğulayırlar.
Bundan başqa, rəsmi İrəvanın iddialarına və ritorikasına rəğmən,
Rusiyanın siyasi elitaları artıq konkret və aşkar şəkildə deyirlər,
daha doğrusu, etiraf edirlər ki, 2020-ci ilin sentyabrın 27-də
İkinci Qarabağ müharibəsi məhz Ermənistan hərbçilərinin Azərbaycan
Ordusunun mövqelərini güclü raket-artilleriya atəşinə tutması,
hücuma cəhd göstərməsi ilə başlandı.
“Ermənistan bu müharibəyə başlayanda bizimlə razılaşdırmışdı ki,
sonradan Moskvadan yardım istədi?” – Rusiya isteblişmentində
səslənən ritorik suallardan biri budur.
Moskva hesab edir ki, Qərbin vədlərinə şirniklənən,
Vaşinqton-Paris-Brüssel triosundan aldığı təlimatlar əsasında
hərəkət edən və ermənilərdə Rusiyaya qarşı nifrət yaratmağa çalışan
rəsmi İrəvanın cəhdləri perspektivsizdir.
Rusiya hesab edir ki, Ermənistan bir dövlət kimi indi yalnız
KTMT və Moskvanın Cənubi Qafqaz bölgəsindəki təsiri hesabına
mövcuddur.
Bununla belə, Rusiyanın hakimiyyət dairələri anlayırlar ki,
hazırda Ermənistanda sadəcə, Nikol Paşinyanın administrasiyası və
siyasi elitalar yox, əhalinin də xeyli hisssində anti-Rusiya
mövqeləri güclənib. Rusiyanın Ermənistandakı sosial bazası da
zəifləyib.
N.Paşinyanın və onun hakimiyyətindəki fiqurların Rusiyaya qarşı
ünvanlanmış bəyanatları məhz bu səbəbdən ilk növbədə daxili
auditoriyaya hesablanıb.
Baş verənlərə rəğmən, Rusiyanın Ermənistana qarşı yaxın
zamanlarda sərt cəza tədbirlərini tətbiq edəcəyini düşünmürük. Yəni
Rusiyanın Ermənistandakı səfiri geri çağırılmayacaq, diplomatik və
siyasi, iqtisadi və maliyyə əlaqələrində qəfil zəifləmə müşahidə
olunmayacaq.
Ermənistan hələ də KTMT-də Rusiyanın deklarativ olsa da,
müttəfiqidir, Avrasiya İqtisadi Birliyinin və Avrasiya Gömrük
İttifaqının üzvüdür.
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistan
ərazisindən çıxarılmasına qərar verilsə belə, Moskva İrəvana qarşı
sərt addımlar atmağa tələsməyəcək.
Səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və bu çox
ağır məsələnin həll variantlarının hələ uzaq perspektivdə belə,
görünməməsidir.
Daha sadə desək, Moskvanın İrəvanın bəyanatlarına reaksiyası
Ukraynadakı hərbi əməliyyatların gedişatından asılı olacaq:
əməliyyatlarda Rusiya nə qədər çox uğur qazanarsa, İrəvanın alacağı
cavab o qədər sərt olacaq.
Rusiya əvvəlcə daha ciddi və daha ağır problemi həll etməyə
çalışacaq, özünə həllini təcili tələb edən problem saymadığı
Ermənistanla münasibətləri isə sonradan kompleks şəkildə çözməyə
çalışacaq.
Nikol Paşinyan və komandası Qərbdəki hamilərini əmin etməyə
çalışırlar ki, Rusiyanın bölgəni tərk etməsi üçün əlindən gələni
edir. Üstəlik, rəsmi İrəvan Moskva ilə münasibətləri zahirən
sərinlətdiyini nümayiş etdirir.
Halbuki Moskva çox səbrlidir.
Gürcüstanın hakimiyyət dairələri də bir zaman qatı anti-Rusiya
mövqeyi tutmuşdu və Moskvanın ölkədəki təsir imkanlarının yoxa
çıxdığını bəyan etmişdilər.
Zaman keçdi, rəsmi Tbilisi hazırda Moskva ilə əlaqələrin
aktivləşməsini və miqyasının genişləndirilməsini nəzərdə tutan
sənədlər paketi imzalamağa hazırlaşır.
ABŞ isə Orta Dəhliz layihəsini həyata keçirmək üçün bütün
vasitələrdən istifadə etmək niyyətindədir, Həmin dəhliz, bəlli, son
illər Rusiyadan yan keçən beynəlxalq ticari və loqistika
marşrutlarının əsas qovşaqlarından biri kimi strateji əhəmiyyətini
dəfələrlə artıran Azərbaycan ərazisindən keçir.
Birləşmiş Ştatların məqsədlərindən biri Nikol Paşinyanın bəyan
etdiyi “Sülh yolayrıcı” layihəsi çərçivəsində Ermənistanla
Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasından
sonra Orta Dəhlizin Azərbaycan və Gürcüstan ərazisindən keçəcək
hissəsinin Zəngəzur dəhlizi ilə Türkiyəyə çatmasıdır.
Beləliklə, Vaşinqtonun fikrincə, həmin layihə Ermənistanın
ticari-logistika imkanlarını artırmaqla yanaşı, Rusiyanın nəzarəti
altında olmayacaq və strateji baxımdan çox önəmli ticari dəhliz
marşrutunu inkişaf etdirməyə imkan verəcək.
Amma Paşinyanın layihəsi Bakı üçün maraqlı deyil və Azərbaycanın
iştirakı olmadan “Sülh yolayrıcı” layihəsi kağız üzərində
qalacaq.
Görünən budur ki, Cənubi Qafqazda yeni bölücü və məhdudlaşdırıcı
xətləri çəkməyə hazırlaşırlar.
Olsun, Bakı hadisələrin istənilən variantına hazırdır.





























