Advertisement

Qurtuluş Günü ümidsizliyə qapılmış xalqın nicat günü, tariximizin şanlı səhifəsidir

Bakı. Trend:

Ermənistanın işğalından azad edilmiş Şuşadan, Xocalıdan,
Xankəndindən dönüb geriyə -1988-1993-cü illərə baxanda insanı həm
qəhər boğur, həm də gözü sevinc və qürur hissindən yaşla dolur.
Qəhər insanı ona görə boğur ki, həmin illərdə ermənilər
azərbaycanlılara qarşı vəhşiliklər, soyqırımları törədiblər və uzun
müddət də cəzasız qalıblar, dünya isə buna göz yumub… Tarixin
qara arxivinə göndərilmiş keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri
isə öz yarıtmaz fəaliyyətləri ilə erməni faşizmini himayə
ediblər.

Erməni faşistlərinin dağıtdığı Ağdam Cümə Məscidinin
minarəsindən bir daş parçasını isə Ulu Öndər Heydər Əliyevə sanki
bir suvenir kimi təqdim edən Minsk Qrupu həmsədrlərinin bu
davranışı polad iradəyə malik böyük siyasətçi Heydər Əliyevi
kövrəltmişdi. Minsk Qrupunun həmsədrlərinin bu hərəkəti onların
fəaliyyətindəki qara ləkələrdən biridir. Minsk Qrupunun həmsədrləri
riyakarlıq etdilər və bir dəfə də olsun həqiqəti dillərinə gətirib
ermənilərin törətdikləri soyqrımından, şəhər və kəndləri, uşaq
baxçalarını, məktəbləri, mədəniyyət evlərini, müzeyləri,parkları,
sanatoriyaları, parkları və s. yer üzündən sildiklərini dünya
ictimaiyyətinə bildirmədilər. Azərbaycan xalqı onları bağışlaya
bilərmi?

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Prezident İlham
Əliyev öz qəhrəman əsgər və zabitləri ilə mərdliklə vuruşub mənfur
düşməni döyüş meydanında məğlub edərək, düşməni diz çökdürərək,
himayədarları ilə birlikdə torpağımızdan qovaraq Azərbaycan
Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək
Ümummilli Lider Heydər Əliyevin Ata vəsiyyətini yerinə yetirdi.

Heydər Əliyev Fondu Ulu Öndərin arzusunu gerçəkləşdirərək Ağdam
Cümə Məscidini bərpa etdi. 2000-ci il mayın 9-da Ümummilli Lideri
Heydər Əliyevə təqdim edilmiş həmin “daş parçası” isə məsciddə qan
yaddaşının nişanəsi kimi saxlanılır ki, gələcək nəsillər şanlı
tariximizi və xain düşmənin törətdiyi vəhşilikləri heç zaman
unutmasın. Unutmasın ki, o faciələr bir daha təkrarlanmasın.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində özünün tarixi
Zəfər səhifəsini yazdı. Bu Zəfərə aparan yol 1993-cü ilin 15
iyunundan başlayır-Xocalıya qayıdışın əsası qoyulduğu gündən…

Ulu Öndər Heydər Əliyev ölkəmizin və xalqımızın tarixində
əvəzsiz xidmətləri olan, şərəfli və mənalı ömrünü xalqının
nicatına, milli dövlətçiliyin dirçəlməsinə həsr edən böyük dövlət
xadimi, qüdrətli tarixi şəxsiyyətdir. Müasir Azərbaycanın
demokratik və ümumbəşəri dəyərlərə sadiq müstəqil və güclü dövlət
kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15
iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışının
nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir.

Heydər Əliyevin 15 iyun 1993-cü il qayıdışı ümidsizliyə qapılmış
xalqın və fəlakətə sürüklənmiş Azərbaycan dövlətinin nicat günü,
işıqlı sabaha doğru inamla atılan ilk uğur addımından başlayan
tariximizin şanlı səhifəsidir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli
sərəncamında bu barədə deyilir:

“Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu
müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı
yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında
qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir
Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Ulu Öndər Heydər Əliyev dövlətimiz və xalqımız üçün çətin
zamanda ölkənin siyasi rəhbəri olduğu hər iki dövrdə – həm
1969-1982-ci, həm də 1993-2003-cü illərdə Azərbaycanın iqtisadi
yüksəlişi, xalqın sosial rifahın yüksəldilməsi, Azərbaycan dilinin
ddövlət dili kimi Konstitusiyada təsbit edilməsi, ədəbiyyat və
incəsənətin, milli ənənələrin qorunması və inkişafı üçün böyük
işlər görmüşdür.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1970-1982-ci
illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf etməyə başladı.
Respublika yenidən qurulurdu. Aqrar ölkə kimi tanınan, amma kənd
təsərrüfatı sahəsində də böyük uğurları olmayan respublikada həm
kənd təsərrüfatı inkişaf etdirildi, həm də ölkə sənayeləşdirildi –
həmin dövrün yüksək texnologiyaları əsasında yeni zavod və
fabriklər tikildi.

Digər sahələrlə yanaşı təhsil və elm sahəsində həyata keçirilən
irimiqyaslı islahatlar öz müsbət nəticələrini qısa müddətdə
göstərməyə başladı. Məsələn, 1972-ci ildə “Gənclərin ümumi orta
təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da
inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil
məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında”
qərarlar qəbul edildi. Bu qərarların icrası nəticəsində ümumtəhsil
məktəblərinin sayı 765-dən 2117-ə, 1982-ci ildə isə 3750-ə
çatdırıldı. Ümumtəhsil məktəblərində şagirdlərin sayı 1970-ci illə
müqayisədə iki dəfə artaraq 1980-ci ildə 710 min nəfər oldu.

Həmin illər ərzində iqtisadi inkişafı təmin edən, əmək bazarının
tələblərinə cavab verən yüksəkixtisaslı kadrlar hazırlayan 5 yeni
ali təhsil müəssisəsi yaradıldı. Eyni zamanda, mövcud ali təhsil
müəssisələrində isə yeni ixtisaslar açıldı və ali təhsil alanların
sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı. Bununla yanaşı, həmin
illərdə respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250
ixtisas üzrə 15000 nəfər azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu
ali məktəblərində ali təhsil alması təşkil edildi. Həmin gənclərə
təqaüdlər təhsil aldıqları müddətdə Azərbaycan Respublikasının
büdcəsinin vəsaiti hesabına ödənilirdi.

Yüksəkixtisaslı ali, orta ixtisas və peşə təhsilli kadrların
sayının qısa müddət artırılması respublikanın iqtisadi inkişafına
yeni təkan verdi. İqtisadiyyatın bütün sahələrində sürətli inkişaf
təmin edildi. Yeni zavod və fabriklər tikildi, sənaye
məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə
dəfə artırıldı. Yeni çoxmənzilli yaşayış binaları, fərdi evlər
tikildi, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşdı.
Azərbaycan İttifaq Respublikaları arasında ən geridə qalan
respublikadan ən inkişaf edən respublikaya və İttifaq büdcəsindən
asılı olmayan üç respublikadan birinə çevrildi. Həmin dövrdə
respublikada böyük tikinti-quruculuq layihələri gerçəkləşdirildi:
yeni mikrorayonlar, qəsəbələr kəndlər, magistral yollar tikildi,
şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması genişləndirildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci
illərdə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti “Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında” 29 sentyabr 2022-ci il tarixli sərəncamda haqlı olaraq
belə səciyyələndirilir: “Azərbaycana rəhbərliyinin birinci dövründə
Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi
və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü
qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi,
elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail
olmuşdur…

Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi
doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın
inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə
etmişdir”.

Təəssüf hissi ilə qeyd etməliyik ki, 1970-1987-ci illərdə
respublikada yaradılmış böyük iqtisadi potensial səriştəsiz
rəhbərlərin yarıtmaz fəaliyyəti, bəzi hallarda isə antimilli
fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində qısa müddətdə –
1988-1993-cü illərdə insafsızcasına tamamilə dağıdıldı. Azərbaycan
xalqına və dövlətinə xəyanət yolunu seçən Əbdürəhman Vəzirovu
1988-ci ildə Azərbaycan Respublikasına rəhbər təyin edən SSRİ
rəhbəri Mixail Qorbaçov Azərbaycan xalqına düşmənçilik münasibətini
gizlətmədən erməni əsilli SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə
müstəntiqi korrupsioner Telman Qdlyanı “xüsusi tapşırıqlarla”
Azərbaycana göndərdi. Bu, o vaxta təsadüf edir ki, 1987-ci ilin
noyabr-dekabr ayından başlayaraq Ermənistanda azərbaycanlılar qətlə
yetirilir, minlərlə azərbaycanlı evlərindən zorla qovulur,
deportasiya edilirdi. Bu azmış kimi Azərbaycanın Xankəndi
şəhərində, ətraf kəndlərdə yaşayan azərbaycanlılara da ermənilər
hücum edir, evlərini dağıdır, yandırır, şəhər və kəndlərdən
qovurdular. Bu cinayətlərə siyasi və hüquqi qiymət vermək, erməni
cinayətkarları cəzalandırmaq əvəzinə, Azərbaycana cinayətkar Telman
Qdlyanın “cəza dəstəsi” göndərilir. Burada məqsəd Azərbaycan
xalqına və dövlətinə qara yaxmaqla ermənilərin törətdikləri
cinayətləri, vəhşilikləri ört-basdır etmək, ölkəmizin
iqtisadiyyatını iflic etmək, fədakar insanları ləkələmək, uydurma
ittihamlarla həbs etmək, xalqın iradəsini sarsıtmaq və sonda
ərazimizi parçalamaq və Ermənistana hədiyyə etmək idi. Bu, Mixail
Qorbaçovun Ümummilli Lider Heydər Əliyevi SSRİ rəhbərliyindən
uzaqlaşdırmaq üçün qurduğu çirkin oyunun davamı idi. Əslində,
Mixail Qorbaçov bütün türk respublikalarına qarşı bu iyrənc
siyasəti həmin dövrdə həyata keçirdi. Əgər İosif Stalinin
hakimiyyəti dövründə türk xalqlarına və dövlətlərinə qarşı bu xain
və iyrənc siyasətin ideoloqu Anastas Mikoyan və digər yanlar idisə,
Mixail Qorbaçovun türk respublikalarına və tanınmış rəhbərlərinə
qarşı ləyaqətsiz iyrənc siyasətinin ideoloqu Abel Aqanbekyan və
digər yanlar idi.

Sonralar Komunist Partiyası Mərkəzi Komitəsinin katibi Yeqor
Liqaçov demişdi ki, Telman Qdlyan və onun həmkarı Nikolay İvanov
SSRİ-nin dağılmasına öz “əməlləri” ilə ciddi töhfə vermişlər. Amma
bu həqiqətin bir tərəfidir. Çünki SSRİ-nin o vaxtıki Baş Prokurory
A.Suxarevin öz xatirələrində yazdığına görə, 1990-cı ildə Telman
Qdlayan cinayət əmməllərinə və korrupsiyaya görə cinayət
məsuliyyətinə cəlb edilərək həbs edilsə də “ağalarının” köməyi ilə
azad edilmişdir.

Qeyd etməliyik ki, 1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycan Respublikası 1990-cı illərin əvvəllərində nəinki bölgə
və dünyada baş verən hadisələrə təsir etmək gücünə malik deyildi,
hətta özünün mövcudluğu belə sual altında idi. Gənc Respublikada
xaos, özbaşınalıq hökm sürürdü. Siyasi hakimiyyətdə olan şəxslər
baş verən tarixi prosesləri dərk edə bilmir, nə baş verir, niyə baş
verir və nə etmək lazımdır kimi suallara cavab verə
bilmirdilər.

Hələ 1987-ci ildə keçmiş SSRİ-nin rəhbəri olmuş Mixail
Qorbaçovun Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi siyasi
hakimiyyətdən uzaqlaşdırılmasına nail olması xalqımıza qarşı
hazırlanmış məkrli planın işə salınmasına bir işarə olduğunu
çoxları zamanında anlamadılar. Respublikanın o vaxtkı rəhbərləri
hətta Mixail Qorbaçovun erməni müşaviri Abel Aqanbekyan 16 noyabr
1987-ci ildə Fransada Azərbaycana qarşı saxta ittihamlarla çıxış
edəndə tarixi proseslərin təhlükəli məcraya məqsədyönlü şəkildə
yönləndirildiyinin fərqinə varmadılar. Əbdürəhman Vəzirovun 1988-ci
ildə Azərbaycana rəhbər göndərilməsi və onun qəbul etdiyi antimilli
qərarlar isə yaşanacaq faciələrin miqyasını daha da genişləndirdi.
Mixail Qorbaçovun əmri ilə Azərbaycan xalqının 1990-cı ilin 20
yanvar gecəsi sovet qoşunları tərəfində qətlə yetirilməsinin nəinki
qarşısını almadı, hətta, çətin zamanda xalqının yanında olmaq
əvəzinə, gecə il öz sahiblərinin yanına qaçdı. Ondaan sonrakı
rəhbərlər də dövlət müstəqilliyini qorumaq üçün əməli fəaliyyət
göstərmədilər və o vaxtkı rəhbərl 20 Yanvar qırğınına siyasi qiymət
vermədilər. Məhz bunun nəticəsi idi ki, sonra erməni terrorçu
qrupları Xocalıda azərbaycanlılara qarşı soyqrımı törətdilər. Daha
sonra erməni terrorçu qrupları və Ermənistan silahlı qüvvələri
birləşərək Şuşanı, Laçını, Kəlbəcəri işğal etdilər.

Həmin dövrdə Azərbaycanda baş verən hadisələr haqqında obyektiv
məlumatın yayınlamasına da imkan verilmirdi. Ölkə tam informasiya
blokadasında idi. Xaliq nə baş verdiyini, niyə baş verdiyini və nə
edəcəyini bilmirdi. Belə bir məqamda 1990-cı il yanvarın 21-də
Ümummilli lider Heydər Əliyev İlham Əliyevlə birlikdə Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və bu vəhşiliyi qətiyyətlə
pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı,
xalqına dəstək oldu. Hesab edirik ki, bu tarixi hadisə idi. İlk
dəfə nə baş verdiyini Heydər Əliyev bütün dünyaya bəyan etdi. Məhz
buna görə SSRİ rəhbərliyi və şəxsən azərbaycanlılara qarşı hərbi
cinayətin törədilməsinə əmr vermiş Mixail Qorbaçov bu həqiqəti
gizlətmək üçün Heydər Əliyevə qarşı repressiyaları daha da
gücləndirdi.

Bu hadisənin üzərindən ötəri keçmək olmaz. Çünki həmin dövrdə
baş verənləri və sonrakı prosesləri düzgün qiymətləndirmək üçün
mühüm əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev həmin hadisə haqqında demişdi: “Hamımız yaxşı
xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən
dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə
gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının
çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının
rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir
hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev
həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə
idi”.

O, həmişə xalqı ilə birlikdə oldu, ondan dəstək aldı və
Vətəninə, xalqına, dövlətinə sadiq oldu.

1988-1993-cü illərdə ölkəyə rəhbərlik etmiş şəxslərin cinayi
üzünəgüvəni və hakimiyyət uğrunda vətəndaş müharibəsinə rəvac
vermələrinin nəticəsi idi ki, erməni terrorçu qrupları Xocalıda
azərbaycanlılara qarşı soyqrımı törətdilər. Daha sonra erməni
terrorçu qrupları və Ermənistan silahlı qüvvələri birləşərək
Şuşanı, Laçını, Kəlbəcəri işğal etdilər. Azərbaycanda yüz minlərlə
qçqın və məcburi köçkün taleyin ümidinə buraxıldı. Azərbaycan
dövləti böyük fəlakətin astanasında idi. Bunu artıq hamı aydın
şəkildə anlayırdı və iqtidarda onlar da bunu dərk edirdilər və bu
faciədən qurtuluş yolunu xalqın böyük məhəbbət, inam və etimad
bəslədiyi polad siyasi iradə və qətiyyətə, dərin dövlətçilik
təfəkkürünə malik görkəmli dövlət xadimi Heydər Əliyevin
respublikanın rəhbərliyinə gəlməsində, prosesləri nəzarətə alaraq
milləti və dövləti xilas etməkdə görürdülər. Bu, həm də onların
özlərinin xilas yolu idi.

Ulu Öndər Heydər Əliyev iyun ayında Bakıya gəlməsəydi, həyatını
təhlükəyə ataraq Gəcə şəhərinə səfər etməsəydi, vətəndaş
müharibəsinin qarşısını almasaydı və 1993-cü ilin 15 iyununda
ikinci dəfə siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bu gün
müstəqil, qüdrətli, sürətlə və davamlı inkişaf edən, yeniləşən,
demokratiya yolunda inamla irəliləyən, şanlı zəfərlər qazanan
Azərbaycan dövləti də olmazdı. Məhz Ulu Öndərin hakimiyyətə
qayıdışı ilə Azərbaycanın qurtuluşunun əsası qoyuldu və nəticədə,
qurtuluş savaşında tənəzzüldən tərəqqiyə doğru dönüş başlandı.

Ulu Öndər Heydər Əliyevin fədakarlıqla həyata keçirdiyi uğurlu
daxili və xarici siyasət sayəsində 1993-cü ildə məhv olmaq
təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasının qısa müddət
ərzində anarxiyadan 1995-ci ildə sabit, güclü dövlət quruculuğu
prosesinə keçidini tam təmin edildi. 1993-2003-cü illər ölkədə
ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmini kimi
səciyyələndirilə bilər. Həmin dövrdə Azərbaycanın beynəlxalq
əlaqələri formalaşdırıldı, dünya birliyində yüksək yer tutan
ölkəmiz nəinki beynəlxalq təşkilatların üzvü, həm də həmin
təşkilatlarda söz sahibi oldu. Mübaliğəsiz demək olar ki, həmin
dövrdə müstəqil Azərbaycan Respublikasının Yeni tarixi yazıldı.

Bu gün Azərbaycan özünün İntibah dövrünü yaşayır və əminliklə
deyə bilərik ki, bu uğurların əsası 30 il öncə qoyulub. Hesab
edirik ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf
konsepsiyasını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev
ölkəmizi məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycana
çevirib.

Müasir Azərbaycan Respublikasın qətiyyətli və tam müstəqil
siyasət yürüdən güclü siyasi lideri, möhkəm və davamlı inkişaf edən
iqtisadiyyatı, qüdrətli ordusu var. 44 günlük Vətən müharibəsindəki
şanlı qələbəmiz bunu bir daha həm təsdiq etdi, həm də daha da
möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev
igid əsgər və zabitləri ilə hərb meydanında qəhrəmanlıqla döyüşərək
Qarabağı və Şərqi Zəngəzuru erməni-faşist işğalçılarından azad edib
Azərbaycanın şanlı Zəfər tarixini yazdı. Bu, Ulu Öndər Heydər
Əliyev siyasətinin təntənəsi, həm də onun tərəfindən təməli 1993-cü
ildə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Vətənin azadlığı
uğurunda müqəddəs savaşda yazdığı Şərəf tarixi idi.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Yeni
tarixini yazmış Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycan
Respublikasının Ən Yeni tarixini yazan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı, hər
bir vətəndaşın rahat, təhlükəsiz, firavan və xoşbəxt həyatı naminə
uğurla inkişaf etdirilir və gerçəkləşdirilir.

Bəxtiyar Əliyev,

Milli Məclisin Elm və təhsil komitəsinin
sədri,

AMEA-nın müxbir üzvü, professor