Advertisement

Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək – Tahir Budaqov

Şuşa. Trend:

Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü
ildönümünə həsr olunmuş beynəlxalq konfrans Türk dünyası üçün
aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olacağına və
səmərəli ideya platforması kimi məhsuldar nəticələrlə yadda
qalacağına inanırıq.

Trend xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası
Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Türk
Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər
fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də
Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

T.Budaqov qeyd edib ki, hazırda Cənubi Qafqazın lider dövləti
olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən
Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası
münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı,
gələcəyə hesablanmış yeni perspektivlər də yaradır.

Postmüharibə dövründə kommunikasiyaların bərpası ilə əlaqədar
Azərbaycanın nümayiş etdirdiyi geosiyasi iradəni xüsusi qeyd edən
Mərkəzi aparatın rəhbəri deyib: “Şübhəsiz ki, qarşıdakı dövrdə
Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf
etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq
platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya
və inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə
nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk
dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək,
uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır”.