Şuşa. Trend:
Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağ
ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu,
Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi.
Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirilib.
Trend xəbər verir ki, bu fikirləri Özbəkistanın Sahibkarlar və
İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası
İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin
Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov “Türk
Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər
fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də
Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.
Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı
tərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaq
dilə, adət-ənənələrə malik dost ölkələrdir.
Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan
münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini
vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması,
ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin
möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu
gücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycan
xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.
“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağ
torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə
hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev Azərbaycan
Prezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən
Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak
edib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib”, –
deyə o vurğulayıb.





























