Şuşa. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
parlamentlərarası və siyasi partiyalar arasında əlaqələri
birliyimiz üçün önəmlidir.
Trend xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf
Partiyası Sədrinin Xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük
Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakaya “Türk Dövlətləri
Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən
beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə
müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması
kimi” panel sessiyada deyib.
Bu il Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü qeyd
etdiyini diqqətə çatdıran Zafer Sırakaya qardaş ölkəni möhtəşəm
qələbələri və uğurları münasibətilə təbrik edib.
O, geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda Türk
dünyasının daha da güclənməsinin vacibliyini qeyd edib.
Türkiyə və Azərbaycan arasındakı əlaqələrin geniş spektri əhatə
etdiyini vurğulayan Z.Sırakaya dünyada mövcud olan qarşıdurmalardan
danışıb və bu münaqişələrin insanlığa zərər verdiyini qeyd
edib.
Əsrimizi Türk əsri adlandıran TBMM üzvü qeyd edib ki, TDT
tarixdə ilk dəfə olaraq türk dövlətlərini bu qədər yaxın bir araya
gətirib. O, ümidvar olduğunu bildirib ki, bu birlik, qardaşlıq
gələcəkdə daha da möhkəmlənəcək.





























