
Bakı. Trend:
Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olan
1993-cü ilin 15 iyun gününün mahiyyətini hər kəs bilir. “Milli
Qurtuluş Günü” böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir
gündür. Xalqını, vətənini sevənlər, çətin günlərin acılarını,
dəhşətlərini yaşayanlar və hadisələri görənlər üçün 15 iyun əsl
Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ən zəngin siyasi
mübarizəsinin tarixidir. Ölkə müstəqilliyinin ilk illərində ölkədə
özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. İşğalçı
ermənilərin təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu
yaranmışdı və bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin
ağırlaşan sosial-iqtisadi vəziyyəti ölkəni bu bəlalardan xilas edə
biləcək, xalqı öz arxasınca aparmağa qadir bir liderə ehtiyac
olduğunu düşünürdü. Heydər Əliyev yenicə müstəqillik qazanmış
ölkəni düşdüyü ağır və çətin vəziyyətdən çıxarmağa qadir yeganə
şəxsiyyət idi və bunu xalq özüdə bilirdi. Əslində isə bu seçim
bütün Azərbaycan xalqının ürəyinin səsi idi.
İllər sonra Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu
mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə
qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə
olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük
coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan
ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane
etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun
nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci
tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda
hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı,
xalq özü saldı”. Ümummilli Lider Heydər Əliyeviv şəxsiyyəti, onun
özünəməxsus siyasi idarəetmə qabiliyyəti, siyasi analizləri,
qətiyyəti, uzaqgörənliyi baş verən böhrana son qoydu, xalqımız
azərbaycançılıq ideyaları ətrafında sıx birləşdi. Heydər Əliyevin
müdrikliyi, qətiyyəti və bacarığı sayəsində Azərbaycanda vətəndaş
qarşıdurmasına birdəfəlik son qoyuldu və ölkəmiz xaosdan, siyasi
çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan
müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi inkişaf etməyə
başladı və yaranmış problemlər mərhələli şəkildə həll olundu,
ölkədə siyasi sabitlik yarandı. Ulu Öndər Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışı çox mühüm əhəmiyyətə malik hadisə idi. Heydər
Əliyevin hakimiyyətə qayıdışından qısa zaman sonra həyata keçirdiyi
siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin
edib, regionda öz mövqelərini möhkəmləndirib, sosial, iqtisadi,
mənəvi, psixoloji sahələrdə dirçəliş baş verib. Qısa bir zamanda
xaosa son qoyulub, ölkədə vətəndaş həmrəyliyi yaradılıb, dövlət
idarəetmə sistemi təkmilləşdirib və ölkənin gələcəyini
müəyyənləşdirən iqtisadi əsaslar qurulub.
Ulu Öndər Heydər Əliyev demişdir ki, “Mənim həyatım da,
fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr
olunacaqdır”. Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev
problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyini
vacib sayırdı. Əgər ölkədə ictimai-siyasi mühid olmasa, heç bir
sosial-iqtisadi proqramdan və yaxud problemlərin həll edilməsi
istiqamətindən söhbət gedə bilməzdi. Ulu Öndər Heydər Əliyev öz
xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi böhranı, vətəndaş
qarşıdurmasını aradan qaldırdı. Xalqın qurtuluşunu təmin etdi.
Heydər Əliyev müdrük siyasətini uğurla davam etdirərək ölkəni məhv
olma təhlükəsindən inkişafa doğru istiqamətləndirməyə yönləndirdi
və sonrakı bütün həyat fəaliyyətini canından çox sevdiyi
Azərbaycana həsr etdi. Yorulmadan dövlətçiliyin qorunub
saxlanılması və Azərbaycanın sürətli inkişafı üçün çalışdı. Heydər
Əliyev zamanında əməli fəaliyyəti ilə öz adını Azərbaycan tarixinə
və hər bir azərbaycanlının qəlbinə qızıl həriflərlə yazdıran
şəxsiyyətdir.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























