Şuşa. Trend:
Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı
(TDT) tamhüquqlu regional beynəlxalq təşkilat kimi yer tutub və
dünya siyasətində tanınan amilə çevrilib.
Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının
Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat
Osmonaliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və
qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”
mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans
çərçivəsində təşkil edilən “Türk Dünyası-2040: gələcəyə konseptual
baxış” adlı ikinci panel sessiyada səsləndirib.
Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü və Qurban
bayramı münasibətilə təbrik edən qonaq deyib: “Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev ölkəsinin dövlətçilik tarixində
müstəsna xidmətləri var. Xalqın gücü müdrik liderin rəhbərliyi
altında onun birliyindədir. TDT-nin də gücü onu təşkil edən
dövlətlərin birliyindədir”.
Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin
gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə
çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri
baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Düşünürəm ki, tədbir
iyulun 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının
qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun
müqəddiməsidir”.





























