Şuşa. Trend:
Mövcud şəraitdə türk dünyası üçün təhlükəsizlik sisteminin
yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb, bu barədə
ciddi düşünməliyik.
Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının
Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat
Osmonaliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və
qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”
mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans
çərçivəsində təşkil edilən “Türk Dünyası-2040: gələcəyə konseptual
baxış” adlı ikinci panel sessiyada səsləndirib.
Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji
tərəfdaşlıq formatında olduğunu qeyd edən qırğız diplomat ölkəmizdə
təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildirib ki,
Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla
xatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlik
münasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.
Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin
gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə
çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri
baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
“Düşünürəm ki, bugünkü konfrans gələn ayın 5-6-da Şuşada
keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində
baş verir və əslində onun müqəddiməsidir”, – deyə o diqqətə
çatdırıb.
Köhnə dünya nizamının dağıldığını və yenisinin formalaşdığını
qeyd edən K.Osmonaliyev bu prosesin mürəkkəb olmaqla bərabər,
qlobal sülh və təhlükəsizlik üçün təhlükəli olduğunu bildirib.
Onun sözlərinə görə, münaqişələr, müharibələr həmçinin
beynəlxalq sanksiyaların hibrid müharibə forması kimi istifadə
edilməsi regionumuza birbaşa təsir edir.





























