Advertisement

Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir – Aygün Attar

Şuşa. Trend:

Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə
iki dövlət arasında strateji ortaqlıq sənədi olmaqla qalmır, bütün
Türk dünyasında birlik ruhunu coşqu ilə tərənnüm edir. Bu sənəd
Türk Dövlətləri Təşkilatında (TDT) da birliyi gücləndirən
amillərdən biridir.

Trend xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatı: geosiyasi
reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə
doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans
çərçivəsində təşkil edilən “Türk dünyası-2040”: gələcəyə konseptual
baxış” mövzusunda üçüncü plenar sessiyada Türkiyə Respublikasının
Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü,
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə
Heyətinin sədri Aygün Attar deyib.

Onun sözlərinə görə, hazırda Türk Dövlətləri Təşkilatı siyasi,
iqtisadi və insani tərəfləri ilə Türk İş Birliyinin gücü olma
vəzifəsi və məsuliyyətini daşıyır: “İstanbulda keçirilən türk
dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası
– 2040” sənəd Türk İş Birliyinin önümüzdəki 20 il içindəki
hədəflərini geostrateji yöndən gözlər önünə sərir. TDT-nin ilk
strateji sənədi bu cümlələrlə başlayır: “Dünya miqyasında sürətli
dəyişiklikləri və onların üzərimizdəki təsirlərini tanımaq və ələ
almaq üçün strateji bir vizyonu vacib edən bir dövrdə
yaşamaqdayıq”. Dolayısı ilə dünya miqyasında yaşanan hadisələr
beynəlxalq regional və qitələrarası mənada strateji baxışa sahib
olma zərurətini doğurub. “Türk Dünyası – 2040” vizyon sənədində
tərif edilən coğrafiya bu təşkilata üzv olan dövlətlərin olduğu
Avrasiya coğrafiyasıdır. Avrasiyanın idarəsi üçün ehtiyac duyulan
ən əsas güc TDT çətiri altında sağlam işbirliyidir. Bu mənada TDT
tərkibindəki iş birliyi sahələri işığında hazırlanan vizyon sənədi
“Siyasi və Təhlükəsiz İşbirliyi”, “İqtisadi və Sektor İşbirliyi”,
“İnsandan İnsana İşbirliyi” və “Üçüncü Tərəflərlə İşbirliyi” olmaq
üzrə dörd bölümdən ibarətdir. Bu sənəd həm regional, həm də
beynəlxalq tərəflərdən zamanın tələblərini yaxşı tutmaqda və buna
yönəlmiş atılacaq yekun addımları konkret bir şəkildə
sərgiləməkdədir. Beləliklə, “Türk Dünyası – 2040” vizyonunun ortaya
atılması özü özlüyündə geostrateji bir həmlədir”.

A.Attarın fikrincə, TDT-nin qurucu sənədi olan Naxçıvan
Bəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü və
sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn
əsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonununda
da öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan
hədəflərin reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı
geopolitik yöndə gücünü artıracağını vurğulayıb.