
Bakı. Trend:
Azərbaycan dövlətinin qonşu ölkələrlə bağlı həyata keçirdiyi
siyasətində Gürcüstanla münasibətlər hər zaman xüsusi diqqət
mərkəzində olub. Birmənalı şəkildə deyə bilərik ki, hazırda
ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında,
eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan
mühüm tranzit ölkə kimi çıxış edir.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin
deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Azərbaycanla Gürcüstanı təkcə iqtisadi
amillər deyil, həm də tarixi köklər birləşdirir:
“Ölkələrimiz və xalqlarımız arasında olan dostluq və mehriban
qonşuluq əlaqələrinin qədim tarixi var və iki ölkə bu gün
bir-biriləri üçün həm də mühüm strateji tərəfdaşdır. Bu strateji
tərəfdaşlığın inkişafı və genişləndirilməsi daim hər iki ölkənin
rəhbərlərinin diqqət mərkəzində saxladıqları məsələdir. Bu baxımdan
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin martın 16-da ölkəmizə
səfəri də mühüm əhəmiyyət kəsb edir”.
K.Qafarov Azərbaycan ilə Gürcüstanın bir-birilərini bütün
beynəlxalq təşkilatlarda dəstəkləmələrinin vacib göstərici olduğunu
qeyd edib:
“Cənab Prezident İlham Əliyevin martın 16-da mətbuata bəyanatla
etdiyi çıxışında Azərbaycan-Gürcüstan münasibətlərini
səciyyələndirən bir çox mühüm məqamlara dair açıqlamalar yer alıb.
O cümlədən, dövlətimizin başçısı bildirib ki, həm Azərbaycan, həm
də Gürcüstan bütün dövrlərdə bir-birilərinin suverenliyini, ərazi
bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar
vermiş, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini
dəstəkləmişlər.
Prezidentimiz xüsusi olaraq vurğulayıb ki, heç bir ölkənin
suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn
normaları bütün ölkələr üçün əsas olmalıdır və burada heç bir
ayrı-seçkilik ola bilməz. BMT Nizamnaməsi hər bir ölkənin özünü
müdafiə etmək hüququnu tanıyıb və Azərbaycan da məhz bu hüquqdan
istifadə edərək 2020-ci ildə ərazi bütövlüyünü bərpa etmişdir.
Dövlət başçımızın dediyi kimi, Azərbaycan uzun illər ərzində
işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini
bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn
normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Azərbaycan
ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də
qarşılıqlı dəstək təcrübəsi var.
BMT Baş Assambleyasının 2020-ci, 2021-ci və 2022-ci ildə
keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi
Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti
barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən
sənədin lehinə səs verib. Əlbəttə ki, beynəlxalq təşkilatlarda
Azərbaycan və Gürcüstanın bir-birilərinə verdikləri dəstək
ölkələrimiz arasında əlaqələrin genişlənməsinə və inkişafına
misilsiz töhfə verir”.
K.Qafarov Azərbaycan və Gürcüstanın birgə layihələrdə yer
almaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli
rol oynadıqlarını vurğulayaraq, bu amilin ölkələrimiz arasında
münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm
kəsb etdiyini bildirib:
“Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi,
Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq
əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr
verir. Məlumdur ki, bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi
vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa
İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır.
Bu gün ölkələrimizi energetika sahəsində ənənəvi istiqamətlərdən
başqa, “Yaşıl enerji dəhlizi” layihəsi də birləşdirir. Bu sahədə
Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və
yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır
olacaq. Ondan sonra konkret işlərə start veriləcək. “Yaşıl enerji
dəhlizi”, enerji kabeli inşa edilməsi bütün tərəfdaş ölkələrin
enerji təhlükəsizliyini daha da gücləndirəcək”.





























