Advertisement

Macar parlamentarilər Milli Məclisdə olublar (FOTO)

Bakı. Trend:

İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanla
dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati
Milli Məclisdə olublar.

Parlamentdən Trend-ə verilən
məlumata görə, əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas
zalı ilə tanış olub.

Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci
müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Əli Hüseynli parlamentin sədri Sahibə Qafarovanın adından
qonaqları səmimi salamlayaraq, dövlətlərarası münasibətlərin
inkişaf dinamikasından məmnunluğunu ifadə edib, ölkələrimiz
arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin
dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolunu
vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici
orqanların özünəməxsus rolu qeyd olunub, qarşılıqlı səfərlərin,
aparılan görüşlərin, müntəzəm təmasların, həmçinin beynəlxalq
parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın mühüm
əhəmiyyəti vurğulanıb. Parlamentlərin profil komitələri, o cümlədən
də parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin
vacibliyi haqqında danışılıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışan Əli
Hüseynli, Macarıstan tərəfinə Cəbrayıl rayonunun Soltanlı kəndinin
yenidən qurulmasında iştirakına görə təşəkkürünü bildirib.

Görüşdə çıxış edən parlamentin Macarıstanla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov, ikitərəfli
əlaqələrin inkişaf perspektivlərinə toxunub, əlaqələrin
dərinləşməsində ölkə başçılarının şəxsi münasibətlərini qeyd
edib.

Azərbaycana səfərin məqsədləri barədə danışan Azərbaycanla
dostluq qrupunun rəhbəri Attilla Tilki, iyunun 15-də Şuşa şəhərində
keçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və
qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”
mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edərək, bildirib
ki, xalqlarımızı ortaq dəyərlər birləşdirir.

Dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının
yürütdüyü məqsədyönlü siyasət barədə danışan Azərbaycanla dostluq
qrupunun rəhbəri, Macarıstanın daim Azərbaycanın ərazi bütövlüyü və
suverenliyini dəstəklədiyini vurğulayıb, bu dəstəyin bundan sonra
da bütün səviyyələrdə davam etdiriləcəyinə əminliyini ifadə
edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.