Advertisement

Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq – MN

Bakı. Trend:

“Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar”
özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın
imzalandığı haqqında məlumat verilir.

Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı
öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah
növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda
təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur”.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə
Nazirliyi açıqlamasında bildirilib.

Açıqlamada vurğulanıb ki, Fransa Müdafiə Nazirliyi keçən ilin
oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi
texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı
hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz
edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti
təzahürüdür:

“Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa
siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında
normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə
olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və
regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi
bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini
davam etdirir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş
dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa
tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın
yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm
siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər
yeni müharibəyə aparan yoldur.

Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif
yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah
doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər
dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli
xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması,
irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin
dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə
yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir.
Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü
problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa
Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası
aparır.

Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin
gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə
məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan
rəhbərliyi və Makron diktaturası daşıyacaq”.