Advertisement

Fransa yenidən tarixin onsuz necə yazıldığını görür – “La Gazette du Caucase”

Bakı. Trend:

Fransa yenidən tarixin onsuz necə yazıldığını görür.

Trend xəbər
verir ki, bu barədə Parisdə yerləşən “La Gazette du Caucase” onlayn
qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel
Bryunun məqaləsində deyilir.

“Fransanın xarici siyasətində hər hansı real ardıcıllıq var?
Emmanuel Makron “eyni zamanda” ifadəsini öz dini inancına çevirib.
Bu ona bir neçə saat ərzində hər şeyi və ziddini deməyə imkan
verir. Bu, həmçinin, ona dayanmadan danışmağa, hər yerdə peyda
olmağa, bir sözlə, hətta bazar ertəsi “ağ”, çərşənbə axşamı “qara”
danışmaq lazım gəlsə belə, mövcud olmağa imkan verir.

Fevralın 26-da Fransa prezidenti “Ukraynaya qoşun
göndərilməsinin istisna edilmədiyinə” dair bəyanatı ilə diqqət
mərkəzində olub. Bu səs-küylü bəyanat onun avropalı həmkarlarını
özündən çıxardı və onlar Makronu qaydalara riayət etməyə
çağırdılar. Lakin bu Emmanuel Makrona elə də təsir etmədi. O, öz
açıqlamalarından razı idi və sevimli şüarına əsaslanaraq, martın
12-də Milli Yığıncaqda “eyni zamanda” “Fransanın sülhü təmin edən
qüvvə olduğunu” bildirib və avropalı müttəfiqləri ilə heç bir fikir
ayrılığının olmadığına and içib.

Fransanın Qafqazdakı münaqişənin həlli üçün Minsk Qrupunda
iştirakı, Vladimir Putinlə görüşü və ya Qəzza zolağındakı qətliamla
bağlı qətiyyətsiz mövqeyi ilə yanaşı, bütün arbitraj səyləri acı
uğursuzluqla nəticələndi”, – deyə Bryun yazır.

Müəllif qeyd edib ki, martın 14-də KİV-lə dost olan Makron
növbəti dəfə sürrealist telemüsahibədə şou nümayiş etdirərək, hərbi
həll yolunun “istisna edilmədiyini”, çünki “Rusiyanın bu müharibədə
qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu”, bunun
“Fransa və bütünlükdə Avropa üçün ekzistensial məsələ” olduğunu
təkrarlayıb.

“Siyasi sinfin mühüm hissəsi tərəfindən “müharibəni qızışdıran”
Matamor nitqi kimi təsvir olunan bu mövqe Putinin bir sıra hərbi
müşavirləri tərəfindən “strateji ikimənalılıq” naminə təklif
olunub, rəqibi qorxutmaq, eləcə də, onu gələcək addımlardan
çəkindirmək üçün öz niyyətləri ilə bağlı hədələyici yarımçıq
qeyri-müəyyənliyin qorunmasına xidmət edir.

Bu strategiyadan Yaxın Şərq münaqişəsi ilə bağlı məharətlə
istifadə olunur. Burada Fransa həmişə olduğu kimi, dərhal ABŞ-nin
mövqeyinə qoşularaq, HƏMAS-ın hücumunu qeyd-şərtsiz pislədi,
hərəkatın üzvləri Fransa tərəfindən “terrorçular” adlandırıldı.
Lakin daha sonra Fransa Qəzza sakinlərinin qətliamının dözülməz
olduğunu etiraf etməyə məcbur oldu. Martın 14-də verdiyi müsahibədə
Emmanuel Makron Netanyahudan vassal asılılığı ilə bağlı istənilən
eyhamlardan müdafiə olunaraq bildirib: “Mən heç vaxt deməmişəm ki,
İsrail özünü müdafiə etmək üçün mütləq hüquqa malikdir”, – məqalədə
deyilir.

Bryun qeyd edir ki, zamanla Fransadan fərqli olaraq, İsrail
Ordusunun törətdiyi vəhşilik kadrlarını görən Amerika xalqının
təzyiqi altında Co Bayden öz ritorikasını dəyişərək İsrail
repressiyasını pislədiyini və “Netanyahunun İsrailə faydadan çox
zərər gətirdiyini” bildirib.

“Hər şeydən öncə, o, 30 min fələstinlinin ölümünü qəbul edərək,
əvvəllər bu faktla razılaşmayanların diqqətinə çatdırıb. Fransanın
qlobal balansı və geosiyasi vəziyyətinin necə olmalı olduğuna dair
aydın görüş olmadığından, nə fransalılar, nə də Fransanın
müttəfiqləri dövlət başçısının ölkəsini məhz hara aparmaq
istədiyini anlamırlar. İlk öncə, bu strateji çaşqınlıq Emmanuel
Makronun digər leytmotivi, onun məşhur “nəyin bahasına olursa
olsun” şüarı ilə yanaşı fransızları narahat edir və onlar tezliklə
bunun hesabını ödəməli olacaqlarını sorğulayırlar.

Məsələ Fransanın Qafqazda siyasətinə gəlincə, məntiqsizlik
maksimum həddə çatır. Fransa Azərbaycanı ərazilərini 28 illik
işğaldan azad etdiyinə görə qınayır, lakin “eyni zamanda” Rusiyanın
zorla girdiyi və işğal təhlükəsi ilə üz-üzə qalan Ukraynanı
dəstəkləyir. O, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak
edir, lakin İranın (Fransanın sevimli hədəflərindən biri)
müttəfiqlərindən biri olan, dostu Ermənistanın bu sanksiyalardan
yan ötdüyünü qəbul edir. Bu necə qarışıqlıqdır!”, – deyə məqalədə
qeyd olunub.

Müəllif, həmçinin, bu cür münasibətin çox yaxşı izahı olduğunu
yazır.

“Ardıcıl xarici siyasəti olmayan Fransa daxili siyasi
mülahizələri rəhbər tutur. Fransadakı erməni lobbisinin gücü və
Fransanın üç böyük şəhərində mühüm seçici çəkisi Fransanın rəsmi
mövqeyini bir çox cəhətdən izah edir. Lakin bu yeganə səbəb deyil.
Makron siyasətinin dəyişkənliyi onu özünün, yaxud ən azından
ehtimal olunan “sivilizasiyaların toqquşması” naminə onun ən milli
qolunun Ermənistana şərtsiz dəstəyinə haqq qazandırmaq üçün
“Fransanın xristian kökləri” kimi yüngül nəzəriyyələrə arxalanmağa
vadar edib, hərçənd Azərbaycan inklüziv dünyəvilik modeli olaraq
nəzərdən keçirilməlidir.

Emmanuel Makronun siyasi arenada mövcud olmaqla bağlı zəhlətökən
istəyi burada da onu Ermənistana silah tədarük etmək vədləri
formasında ifratçılığa gətirib çıxardı. Maraqlı tərəflər Fransa
“Ovod”u barədə narahat olmadan, ikitərəfli sülh prosesinə
əhəmiyyətli dərəcədə sadiqdir. Fransa Minsk qrupunda iştirakının
kədərli nəticəsindən sonra yenidən tarixin onsuz necə yazıldığını
görür”, – deyə Bryun sonda yazıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun