
Bakı. Trend:
Bir neçə gün əvvəl Fransanın “Le Figaro” nəşri erməni əsilli
rusiyalı biznesmen, keçmiş erməni separatçılarına “rəhbərlik edən”
Ruben Vardanyan haqqında məqalə dərc edib. Qeyd edək ki, orijinal
material Ermənistanın “Armenews” onlayn jurnalında dərc olunub.
Məqalədə bildirilir ki, Vardanyanın qohumları Azərbaycana qarşı
növbəti böhtan xarakterli bəyanatla BMT-yə müraciət ediblər.
Sentyabrın 27-də Xankəndinin azad edilməsi əməliyyatından sonra
Vardanyan bölgəni tərk edən digər ermənilərlə birlikdə Qarabağdan
qaçmağa cəhd edib. Lakin o, qaça bilməyib və hazırda Azərbaycan
xüsusi xidmət orqanları tərəfindən saxlanılıb və həbsdədir,
cəzasını gözləyir.
Fransanın “La Gazette du Caucase” nəşri “Le Figaro”nun
ermənipərəst materialına cavab olaraq, Vardanyanın Qarabağ
separatçılarının “naziri” olmamışdan əvvəl həqiqətən nələr etdiyi
barədə həqiqəti açıqlayıb.
“Le Figaro” Ruben Vardanyanı “xeyriyyəçilik və humanitar
fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd” kimi
təqdim etdi. Qəzetin yazdığına görə, o, “2020-ci il müharibəsindən
sonra yerli əhaliyə kömək etmək üçün Qarabağda məskunlaşmaq
qərarına gəlib. Halbuki bu, erməni millətçilərinin uydurmasıdır”, –
məqalədə deyilir.
Məqalə müəllifləri xatırladırlar ki, 2019-cu ilin martında
Avropa Parlamentinin 22 deputatı Vardanyanla bağlı təhqiqat
aparılmasını istəyib. Niyə? “Yerevan əsilli Vardanyan Rusiyanın ən
varlı adamlarından biridir. Ermənistanı tərk etdikdən sonra o,
Moskvada xeyli sərvət toplayıb”, – məqalədə izah edilir.
Məqalədə qeyd olunub ki, Vardanyan öz sərvətindən erməni
diasporunu və bəzi siyasi havadarlarını öz tərəfinə çəkmək üçün
istifadə edib.
Məqalədə deyilir ki, daha sonra Vardanyan millətçi diasporların,
xüsusən də Fransanın dəstəyi ilə buna etiraz edən azərbaycanlıları
gözdən salmaq üçün genişmiqyaslı kampaniyaya başlayıb. “O,
erməniləri Azərbaycan əleyhinə nümayişlərdə iştiraka təhrik edib və
iddia edib ki, ekoloji etirazlar Bakının Qarabağ ermənilərini
“aclıqdan öldürmək” üçün təşkil etdiyi blokadanı ört-basdır edir.
Azərbaycanın Laçın yolunun “blokadası”na əsaslanan bu kampaniya
bəzi jurnalistlərin, media menecerlərinin və seçilmiş
nümayəndələrin sayəsində Fransa mediasında geniş
işıqlandırıldı.
“Azərbaycan öz ərazisini geri alıb və Vardanyanı həbs edib.
Azərbaycan və Ermənistan indi sülh müqaviləsi bağlamaq
ərəfəsindədir. Vardanyanın media təsirinə yalnız Ermənistanın
faktiki əhalisindən çox olan erməni diasporu və bir neçə jurnalist
və siyasətçi reaksiya verməkdə davam edir, lakin bu, müvəqqəti
xarakter daşıyacaq və oliqarxın tərəfdarlarının mövqeyi dəyişəcək”,
– məqalədə deyilir.





























