Advertisement

Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib

Bakı. Trend:

Antoni Blinken Ermənistan və Azərbaycan arasında sülh
gündəliyinin irəlilədilməsi baxımından əldə olunmuş nəticələri
təqdir edərək ABŞ-ın iki ölkə arasında münasibətlərin
normallaşdırılması prosesinə dəstəyini davam etdirməyə əzmli
olduğunu vurğulayıb və tərəfləri tezliklə sülh müqaviləsini
imzalamağa dəvət edib.

Trend xəbər verir ki, bunu iyunun 20-də ABŞ Dövlət katibi Antoni
Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
telefon danışığı zamanı bildirib.

Dövlət katibi ABŞ-ın Azərbaycan ilə ikitərəfli əlaqələrə verdiyi
əhəmiyyəti qeyd edərək iqlim dəyişikliyi və enerji sahəsində birgə
məqsədlərə nail olmaq yolunda ölkələrimiz arasındakı konstruktiv
əməkdaşlığı vurğulayıb. Antoni Blinken ölkəsinin Azərbaycan ilə
yenilənmiş və daha möhkəm ikitərəfli əlaqələri dəstəklədiyini
deyib.

Onu da əlavə edib ki, ABŞ Azərbaycanda keçiriləcək COP29-un
uğurla nəticələnməsi üçün səylərini əsirgəməyəcək.