Bakı. Trend:
Azərbaycan son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən
birini yaşayır. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz
zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin
nəticələri xalqımızın tarixində yeni bir səhifə açmışdır.
Dövlətimizin artan gücü və beynəlxalq aləmdə yükəsələn nüfuzu bizə
olan etimadın daha da dərinləşməsinə səbəb olub.
Trend-in məlumatına görə, bunu deputat Soltan Məmmədov
parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
– COP29-un Azərbaycanda keçirilməsi barədə ötən ilin dekabrında
qəbul edilmiş qərar məhz Azərbaycana beynəlxalq ictimaiyyətin
yüksək etimadının daha bir göstəricisi idi. Respublikamız bu ilin
noyabrında COP29-la yanaşı Kioto Protokolunun Tərəflər Görüşünün
19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı
sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edəcək.
Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər
hazırlıq kifayət qədər vaxt və enerji tələb edir.
“Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq forumları, idman
yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək
təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü
missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu
da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq
tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər
çətin prosesdir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan
Partiyasını təmsil edən deputatların altıncı çağırış Milli Məclisin
buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə
təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında
duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın
ifadəsidir.
Seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı
bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni
zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam
gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. Bildiyinzi kimi,
COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili
nəzərədə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası
İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası
COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün
Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır.
Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması
da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli
Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 98.1. maddəsinin II
hissəsinə əsasən Milli Məclisə növbəti seçkilərin 2024-cü ilin
noyabr ayında keçirilməsi nəzərədə tutulur. Parlament seçkiləri
ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisəılərdən biridir.
Belə bir əhəmiyyətli məsələyə hazırlıq isə olduqca ciddi yanaşma,
gərgin iş və zaman tələb edir. Bu baxımdan, iki böyük miqyaslı və
mühüm prosesin eyni vaxta təsadüf etməsi həm dövlət orqanlarının
səmərəli fəaliyyətinə, həm də cəmiyyətin normal həyatına müəyyən
təsir göstərə bilər. Düşünürəm ki, bütün bunları nəzərə alaraq biz
seçkilərin vaxtının dəyişdirilməsi barədə təşəbbüsü
dəstəkləməliyik.
Milli Məclisin buraxılacağı və növbədənkənar seçkilərin
keçiriləcəyi təqdirdə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ
və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə
keçirilən səsvermə zamanı seçiləcəklər. Müstəqillik tariximizdə ilk
dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident
seçkilərindən sonra bu Azərbaycan tarixinin daha bir mühüm siyasi
hadisəsi olacaqdır.
Azərbaycan parlamentinin üzvləri hər zaman dövlətin maraqlarını
üstün tutub. Ötən beş il ərzində parlamentin fəaliyyəti, ölkəmizin
milli maraqlarının qorumaq üçün millət vəkillərinin göstərdiyi
yüksək fəallıq bunu təsdiq edir. Ona görə də hesab edirəm ki,
dəyərli həmkarlarım Yeni Azərbaycan Partiyasını təmsil edən
deputatların Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin
təyin edilməsi barədə təşəbbüsünü dəstəkləyəcəklər”, – deyə o əlavə
edib.





























