
Bakı. Trend:
Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclası
keçirilir.
Trend xəbər verir ki, iclasın
açılışını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə
Heyətinin rəhbəri Fərid Şəfiyev edib.
O bildirib ki, bu danışıqlar platforması 2021-ci ildə yaradılıb
və görüşlər həm Moskvada, həm də Bakıda keçirilib.
“Rusiya Federasiyası ilə əməkdaşlığımız təkcə ikitərəfli
xarakter daşımır. Təsadüfi deyil ki, bugünkü tədbirin mövzusu
çoxtərəfli layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlıqdır. Biz
həm regional təhlükəsizlik məsələlərini, həm də bir sıra logistika
və nəqliyyat məsələlərini həll edəcəyik”, Fərid Şəfiyev deyib.
O qeyd edib ki, tədbirdə iki ölkənin aparıcı ekspertləri bir
araya gəlib və KİV-də müəyyən hadisələrlə bağlı onların ekspert
qiymətləndirmələrinin daha tez-tez verilməsi məqsədəuyğundur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının
5-ci iclasında deyib ki, Azərbaycan ilə Rusiya arasında
münasibətlər bu gün ən yüksək səviyyədədir və buna 2022-ci ilin
fevralında imzalanmış Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə kömək
edir.
“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək
səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət onların
inkişafına kömək edib”, – o deyib
Hacıyevin sözlərinə görə, iki ölkə arasında bütün sahələrdə
ikitərəfli əlaqələrlə yanaşı, regionlararası əməkdaşlıq da
genişlənir.
“Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə
əlaqələr saxlayır, Rusiyanın regionları ilə azərbaycanlı
tərəfdaşlar arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni
əlaqələrə dair 10-dan çox saziş mövcuddur”, – Hikmət Hacıyev
vurğulayıb.
O qeyd edib ki, dünyada “nəqliyyat arteriya”larına təcili
tələbat var.
“Azərbaycan Avrasiyanın müxtəlif nəqliyyat təşəbbüslərinin
iştirakçısıdır. Belə ki, ITC (Beynəlxalq Nəqliyyat Dəhlizi)
Şimal-Cənub xəttinin genişləndirilməsi istiqamətində işlər
aparılır. Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə
investisiya yatırmaqda davam edir və dəhlizin Azərbaycan hissəsinin
imkanları genişləndirilir. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və
Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”, – Hacıyev
deyib.
O qeyd edib ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və
tibb universitetinin filialları fəaliyyət göstərdiyindən, 300-dən
çox məktəbdə tədris rus dilində aparıldığı üçün təhsil
məsələlərində də mütərəqqi əməkdaşlıq inkişaf edir.
O həmçinin vurğulayıb ki, iki ölkə arasında ikitərəfli və
çoxtərəfli münasibətlərin uzun tarixi var və onların gələcək
inkişafında ekspert şurasının rolu çox vacibdir.
Daha sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri Elşad İsgəndərov Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının
5-ci iclasında çıxında vurğulayıb ki, Rusiya-Azərbaycan
münasibətləri müsbət dinamika və proqnozlaşdırıla bilən inkişaf
nümayiş etdirir.
O qeyd edib ki, hər iki dövlətin birgə regional səylərini
istiqamətləndirən vektorlardan biri regional siyasi və iqtisadi
əməkdaşlığın təmin edilməsinə və kənardan dağıdıcı müdaxilə
cəhdlərinin məhdudlaşdırılmasına ümumi yanaşmalardır.
“Həm Azərbaycanın, həm də Rusiya Federasiyasının qəbul edilən
qərarlarının suverenliyi lehinə aydın seçimi var”, – İsgəndərov
vurğulayıb.
Onun sözlərinə görə, Bakı tədbirinin keçirilməsi
Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması iradəsinin
necə reallaşdığına bir nümunədir.
“Üç il əvvəl ekspert şurasının yaradılması ideyası ilk dəfə
qaldırılanda biz bu təşəbbüsün əməli nəticələrinin olacağına əmin
idik. Sevindirici haldır ki, qısa müddət ərzində ekspertlərimizin
görüşdüyü platforma artıq beşinci iclasını keçirir”, – diplomat
əlavə edib.
(Tərcümə: Gülnarə Kərimova)





























