Advertisement

Moskvada MDB İqtisadi Şurasının iclası olub (FOTO)

Bakı. Trend:

Moskvada keçirilən MDB İqtisadi Şurasının iclasında MDB-nin
iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlığın geniş spektri
məsələləri nəzərdən keçirilib.

Trend xəbər verir ki, iclasda ölkəmizi MDB İqtisadi Şurasının
üzvü, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub
Eyyubov təmsil edib.

Nümayəndə heyətlərinin rəhbərləri MDB məkanında iqtisadi
qarşılıqlı fəaliyyətin aktual məsələləri ətrafında fikir mübadiləsi
aparıblar.

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun
sədrliyi ilə keçirilən tədbirdə MDB İqtisadi Şurasının üzvü,
Belarus Baş nazirinin müavini İqor Petrişenko, MDB İqtisadi
Şurasının həmsədri, Tacikistan Baş nazirinin birinci müavini Hokim
Xolikzoda və başqaları iştirak ediblər.

İclas iştirakçıları MDB ölkələrinin 2023-cü il üçün iqtisadi
inkişafının əsas məqsədyönlü makroiqtisadi göstəriciləri haqqında
məlumatı dinləyib və MDB Hökumət Başçıları Şurasının 20 noyabr
2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş elmi-texniki
informasiya sahəsində kadrların hazırlanması, onların peşə
hazırlığı və ixtisasının artırılmasının dövlətlərarası sisteminin
formalaşdırılması və inkişafı Konsepsiyasına dəyişiklik edilməsi
barədə qərar qəbul ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasının 2024-cü il sentyabrın
20-də Moskva şəhərində keçirilməsi planlaşdırılıb.