Advertisement

Xankəndinin “Zəfər meydanı”nda qalanan Novruz tonqalı tarixi ədalətin bərpasının təsdiqidir – Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq dördüncü ildir ki, bayramları, əlamətdar günləri fərqli
ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edirik. 44 günlük İkinci
Qarabağ müharibəsində tarixi Zəfərimiz 30 ildə hər bayram
günlərində dilədiyimiz arzuları reallıqla əvəzlədi. 30 ildə
xalqımız bu arzu, amal ilə yaşayırdı ki, torpaqlarımız işğaldan
azad edilsin, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, bu
torpaqlarda yeni həyat başlasın. Bu arzular artıq gerçəklikdir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə elə bir qəhrəmanlıq
səhifəsi yazdı ki, həmin Zəfər bu gün harada yaşamasından asılı
olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin martın 18-də Xankəndi şəhərində
Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram
təbrikində qeyd etdiyi kimi, bu gün biz azad edilmiş Qarabağda
başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər
şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş
köçkünlər qayıdacaq və bu torpaqlarda həyat qaynayacaq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar
Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir bayram tədbiri bir
hesabat xarakteri daşıyır. Prezident İlham Əliyevin çıxışı 30 illik
işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün
reallıqları barədə aydın təsəvvür yaradır. Tarixi Zəfərimizə gedən
yol məlumdur. Azərbaycan işğalın davam etdiyi illərdə münaqişənin
sülh yolu ilə həllinə səy göstərdi. Ermənistan isə əksinə
qeyri-konstruktiv mövqeyi ilə məsələnin həlli prosesinin 30 il
uzanmasına səbəb oldu. Düşmən danışıqlara imitasiya naminə
qatılaraq vaxt qazanmağa çalışdı. Azərbaycan bu illər ərzində hər
bir sahədə inkişaf etdi, zəngin təcrübəsi ilə diqqətdə oldu. Dövlət
başçısı İlham Əliyevin bayram təbrikində qeyd olunduğu kimi,
Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına
hazırlaşdı. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər getdi.
Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi,
dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar
bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və
beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi,
münaqişənin həlli üçün hüquqi, siyasi zəmin yaradıldı. Ölkəmiz
iqtisadi inkişafa nail oldu. İqtisadi müstəqilliyimizin təmin
edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsini
şərtləndirdi. Güclü iqtisadiyyat imkan verdi ki, siyasi müstəvidə
öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya
miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə
müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına,
iradəsinə əsaslanır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanda son 20 ildə ordu
quruculuğu sahəsində görülən işlərdən, əldə edilən uğurlardan bəhs
edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki
bazası möhkəmləndi, beynəlxalq standartlara uyğun şəkildə
formalaşdı. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında
qərarlaşdı. Ordumuz Qələbəyə hazırlandı. 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizə qədər Azərbaycan Ordusu hansı gücə,
imkanlara malik olduğunu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci
ilin Günnüt əməliyyatında nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri
də gənclərin torpaq, Vətən sevgisi oldu. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin qeyd etdiyi kimi, elə bir gənc nəsil yetişdirildi
ki, bu nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq. Bu
nəsl bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi.
Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Məhz
gənc nəslin misilsiz qəhrəmanlığı sayəsində şəhidlərimizin,
günahsız Xocalı qurbanlarının qanı döyüş meydanında alındı. Ərazi
bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli
ləyaqətimizi bərpa etdik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri 44
günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə unuda
bilməyəcəyi dərsi versə də düşmən bundan nəticə çıxarmadı. Tarixi
Zəfərimizdən ötən üç ilin reallıqlarına diqqət yetirsək görərik ki,
işğalçı dövlət 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatdan
irəli gələn öhdəlikləri yerinə yetirmədi, qanunsuz silahlı
birləşmələri ərazilərimizdən çıxarmadı, hərbi təxribatları ilə
diqqətdə oldu. Bu vəziyyət lokal antiterror tədbirlərinin həyata
keçirilməsini qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qeyd etdiyi kimi, altı ay bundan əvvəl uğurla keçirilmiş
antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının
əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan
dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar
belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq. Bir günlük
antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan
təmizləndi, suverenliyimiz tam bərpa olundu. Dövlət başçısı İlham
Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan
Bayrağını ucaltdı. Cari ilin mühüm hadisələrindən bəhs edərkən yeni
dövrün başlanğıcı olan 7 fevral prezident sekiləri xüsusi qeyd
edilir. Fevralın 7-də Prezident İlham Əliyevin ailə üzvləri ilə
birlikdə Xankəndi şəhərində səs verməsi qürurverici hadisələrimiz
sırasındadır.

YAP Xətai rayon təşkilatının sədri Qələbəmizin növbəti rəmzindən
bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Xankəndi şəhərinin əsas meydanında Novruz tonqalını alovlandırarkən
bu meydanı “Zəfər meydanı” adlandırdı. Dövlət başçısı İlham
Əliyevin bu meydanda Novruz tonqalını alovlandırması, Azərbaycan
xalqını Xankəndidən təbrik etməsi Ermənistana və ona havadarlıq
edən dövlətlərə növbəti mesaj oldu. Bir daha bütün dünyaya bəyan
edildi ki, bu torpaqların əsil sahibi bizik. Prezident İlham Əliyev
təbrikində bu mühüm məqama da diqqəti yönəltdi ki, bu ilin 26
fevral tarixində Xocalı şəhərində xocalılılarla birlikdə Xocalı
Memorial Kompleksinin təməli qoyuldu. Xankəndidəki qanunsuz inşa
edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun
yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə
başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da
qalmadı.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev artıq dörd
ildir Novruz tonqalını işğaldan azad edilmiş ərazilərimizdə
alovlandırır. 2021-ci ildə bu sevinci Qarabağın tacı Şuşa, 2022-ci
ildə Suqovuşan, ötən il Talış kəndi yaşadı. Müzəffər Ali Baş
Komandan bu məkanlardan Ermənistana və ona havadarlıq edən
dövlətlərə mesajlarını çatdırıb. Xankəndi şəhərindən Azərbaycan
xalqına Novruz təbriki də mühüm çağırışlarla, mesajlarla zəngin
oldu. Dövlət başçısı bəyan etdi: “Biz hamımız fəxr edirik ki, biz
özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad
etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə
hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”