Bakı. Trend:
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan,
yüzminlərlə azərbaycanlını etnik təmizləməyə məruz qoyan,
Azərbaycan Respublikasının suveren ərazilərində etnik zəmində
soyqırım cinayətləri törədən, misli görünməmiş vandalizm aktları
həyata keçirən Ermənistanın hücum silahlarıyla təmin olunması,
hərbi avantüraya sövq edilməsi istiqamətində atılan davamlı
addımlar, bu təcavüzkar ölkənin yenidən təhlükəyə çevriləcəyi
biləcəyi, dövlətimizin. xalqımızın, bütövlükdə isə regionun
təhlükəsizliyinə real təhdid yaradacağı ilə bağlı ehtimalları daha
da gücləndirir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli
deyib.
O bildirib ki, həm ikinci Qarabağ müharibəsinə qədər olan zaman
kəsiyində, həm də daha sonra Ermənistanın indiki hərbi-siyasi
rəhbərliyinin sərgilədiyi təcavüzkar provaktiv davranışlar, rəsmi
İrəvanın bəyanatları ilə onun real davranışları arasında ciddi fərq
olduğunu ortaya qoyur.
“Kimsəyə sirr deyil ki, Nikol Paşinyan və rəhbərlik etdiyi
hökumətin rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı
ilə bağlı bəyanatları Prezident, Ali Baş Komandan İlham Əliyevin
qətiyyəti, diplomatik məharəti və ordumuzun gücü qarşılığında
ortaya çıxan, məğlubiyyətdən və məcburiyyətdən doğan nəticədir. Bu,
həmin Paşinyandır ki, Azərbaycanın mədəniyyət paytaxtında
ətrafındakı sərxoş cinayətkarlarla yallı gedərək “Qarabağ
Ermənistandır və nöqtə” deyirdi və yalnız öz hikkəli iddialarının
qarşısında, həmçinin işğalçı ordusunun başı üzərində “Qarabağ
Azərbaycandır və nida” şüarından doğan, haqqın, ədalətin Dəmir
Yumruğunu gördükdən rüsvayçı məğlubiyyətə uğradıqdan sonra geriyə
addım atmaq məcburiyyətində qaldı”, – siyasi şərhçi vurğulayıb.
E. Mirzəbəyli əlavə edib ki, Ermənistanın və himayəçilərinin bu
günkü, ərazi bütövlüyümüzə, təhlükəsizliyimizə real təhdid
yaradılmasına, revanşizmin və təcavüzün yenidən baş qaldırmasına
xidmət edən davranışları sübuta yetirir ki, rəsmi İrəvan nə İkinci
Qarabağ müharibəsinin, nə də postmüharibə dövrünün dərslərindən
nəticə çıxarmayıb və Nikol Paşinyanın hərbi-siyasi rejiminin
mahiyyətində, ultramillətçi erməni təfəkkürünün alt qatlarında hər
hansı bir dəyişiklik baş verməyib, sülhlə bağlı gəlişi gözəl
bəyanat və açıqlamaların təməlində isə revanş üçün vaxt qazanılması
amili dayanır.
“Azərbaycan dəfələrlə Ermənistana və himayəçilərinə, ilk növbədə
isə Cənubi Qafqazı xarici müdaxiləyə açıq bir regiona və müharibə
cəhənnəminə çevirmək istəyən Emmanuel Makrona dəfələrlə xəbərdarlıq
edib və üçüncü müharibənin böyük bir regionun təhlükəsizliyin
təhdid edən müharibə caniləri, sülh düşmənləri üçün nə ilə
nəticələnəcəyini tam reallığı ilə təsəvvür etməyə əsas verən
mesajlar səsləndirib. Əgər bütün bunların qarşılığında Ermənistan
yenidən silahlandırılır, yeni hərbi avantüraya, müharibəyə sövq
edilirsə, o zaman bu davamlı təxribatların üçüncü müharibə ilə
nəticələnəcəyi, Azərbaycan xalqının və dövlətinin, eləcə də
bölgənin digər xalqlarının təhlükəsizliyinə təhdid yaradan bütün
amillərin birdəfəlik və həmişəlik aradan qaldırılacağı şübhəsizdir.
Ermənistanın və Makron kimi hikkəsinə, qəzəbinə yenilən,
məsuliyyətsiz və uğursuz siyasətçilərin təcavüzkar davranışları
sübuta yetirir ki, Üçüncü Qarabağ Müharibəsi qaçılmazdır və bu
müharibə Cənubi Qafqazın, bütövlükdə isə daha geniş subregionun 200
illik fitnə-fəsad ocağından, qara yaradan birdəfəlik xilas olması
ilə nəticələnəcək. Qoy indi Makron bu barədə ciddi şəkildə
düşünsün”, – deyə o qeyd edib.





























