
Bakı. Trend:
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana
qaytarılmalı olan kəndlərdən danışıb.
Trend xəbər verir ki, Simonyan bu barədə parlamentdə
jurnalistlərlə söhbətində danışıb.
“Biz buranın Ermənistan ərazisi olduğunu sübut edəcək insanlar
axtarırıq. Tavuş sakinləri Ermənistan və Azərbaycan arasında xəttin
harada olduğunu bilirlər”, – o deyib.
Simonyan əlavə edib ki, xəritədə Ermənistan sərhədinin hər
metrini göstərə bilər.
“Gürcüstana gedən yolda biz hətta dayanıb hansı ərazilərin
Azərbaycana məxsus olduğunu göstərdik”, – deyə Simonyan qeyd
edib.
Qeyd edək ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan
bildirib ki, İrəvan Bakı ilə delimitasiya və demarkasiya
məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonunadək
müharibə başlaya bilər.
“Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və
demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki,
həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda
nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında
görüşəndə siz deyəcəksiniz: “Yaxşı, biz sadə kəndlilər idik, bizim
məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz”, – Paşinyan
deyib.
Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər
Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü – Bğanis
Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax
rayonu ərazisindədir.
Daha üç kənd – Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan
əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav
Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.





























