Bakı. Trend:
Rusiyadakı terror aktı bəzi qüvvələrin əlində
manipulyasiya obyektinə çevrilməyə davam edir. Rusiyadakı erməni
lobbisi və erməni oliqarxların maliyyələşdirdiyi şəbəkə bu
terraktdan istifadədə xüsusilə maraqlı görünür. Sözügedən şəbəkə
üzvləri hər vəchlə bu dəhşətli terror aktını anti-Azərbaycan və
ümumilikdə anti-İslam kampaniyasına çevirməyə can
atır.
Vladimir Solovyovun bu istiqamətdəki “fəaliyyəti” diqqətdən
yayınmır. Belə ki, “Crocus City Hall” konsert zalında törədilmiş
qorxunc terror aktını Azərbaycanla əlaqələndirmək yönümlü
informasiya təxribatı onun aldığı sifarişlər əsasında növbəti
qarayaxma kampaniyasına başçılıq etdiyini düşünməyə tutarlı əsas
verir. V. Solovyovun “Crocus City Hall” terrorunda Azərbaycan
izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən
qaynaqlanır.

Bu nəsnənin Azərbaycana münasibəti və hər fürsətdən istifadə
etdiyi bəllidir, lakin indiki məqamda belə iddialar irəli sürməsi
“iz azdırmaq” istəyi çox absurd yanaşmadır. Əgər onu həqiqətən də
terroru kimlərin törətdiyi o qədər narahat edən məqamdırsa, o zaman
Solovyov yaxşı olar ki, yayılan videomateriallara təkrar baxsın.
Çünki bu terror hücumunda ermənilərin iştirakı haqda fikirlər
səsləndirilir, hətta terrorçuların erməni dilində söyüş söydüyü ilə
bağlı məlumatlar yayılıb. İstisna edilmir ki, erməni şəbəkəsi bu
informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən
yayındırmaq məqsədilə Solovyovdan “azərbaycanlıların hədəf
göstərilməsini” istəyə bilərdi.
Rusiyalı jurnalist cəmiyyəti yanlış yönləndirməklə məşğuldur.
Şəbəkənin fəal üzvü V.Solovyovun terror aktının baş verdiyi məkanın
“etnik azərbaycanlılara məxsus olması”nı qabartması, erməni
lobbisinin Bakı ilə Moskva arasındakı normal münasibətləri pozmaq
üçün hesablanmış çıxışlardır. Bu cür faciələr istənilən məkanda baş
verə bilər, amma Solovyovun məntiqsiz şəkildə azərbaycanlılarla
terror arasında əlaqə axtarması hadisələri tamamilə başqa məcraya
çəkməkdən başqa bir şey deyil.
O ki, qaldı əqidəsini, məsləyini ermənilərin puluna əbədi satan
Solovyova…

Yaxşı olar ki, bu gün Solovyov pulunu yediyi ermənilərin hansı
oyundan çıxdığına baxsın. Çünki müsəlmaları, azərbaycanlıları
terrorda suçlamaq üçün dəridən-qabıqdan çıxmağa çalışan Solovyov
bilməlidir ki, Rusiyanın müsəlman vətəndaşlarından fərqli olaraq,
ermənilər Rusiyanın çətin vaxtlarında daim ona xəyanət ediblər. Bu
gün şəbəkənin Rusiya üçün xas olmayan etnik və dini məsələləri
qızışdırmaq cəhdi də xəyanətin davamıdır. Çünki hazırda Rusiya
əhalisinin böyük bir qismi məhz müsəlmanların payına düşür. İndi də
şəbəkənin Rusiyaya xas olmayan etnik və dini məsələləri qızışdırmaq
cəhdi Ermənistanın dövlət səviyyəsində etdiyi xəyanətin davamıdır.
Bu xəyanətin davamı kimi Ermənistanın artıq Qərbə meyllənməsi və
Rusiyanın maraqlarını nəzərə almadan Qərbin sifarişi əsasında
addımlar atmaq qərarlı görünməsi əslində rəsmi Moskva üçün
xəbərdarlıq siqnalı olmalıdır.
Bəlkə də indiki məqamda Rusiya dövlətinə qarşı ən böyük pisliyi
edənlərdən biri məhz bu ad sadalanan şəxslərdir. Əsassız sözləri
ilə Rusiya və ona dost olan ölkələr arasında əsassız gərginlik
yaradan aparıcının cəzalandırılmaması Moskvanın problemini daha da
artıra bilər. Sanki hər səhvindən, qərəzli açıqlamasından sonra ona
daha geniş meydan verilir, növbəti informasiya təxribatları üçün
əlverişli zəmin hazırlanır. Solovyovun Rusiyada çalışan,
məskunlaşan və ölkə həyatına əhəmiyyətli qatqı verən Qafqaz və
Mərkəzi Asiya respublikalarından, o cümlədən Azərbaycandan olan
miqrantlar, diaspor nümayəndələri haqda açıqlamaları, ksenofobiya
və etnik zəmində nifrət ehtiva edən açıqlamaları getdikcə daha da
təhlükəli xarakter alır və ilk növbədə çoxmillətli Rusiya
dövlətinin milli təhlükəsizliyi üçün təhlükə mənbəyidir.

Solovyov kimi “Sputnik” agentliyinin rəhbəri Marqarita
Simonyanın da Azərbaycana qarşı informasiya təxribatı apardığı və
bu qrupun Rusiya mediasında kök salan erməni lobbisinin
sifarişlərini yerinə yetirdiyi gün kimi aydındır. Belə bir məqamda
Fransa, ABŞ kimi ölkələrdən fərqli olaraq, Rusiyada heç vaxt
islamofobiya olmadığı halda indi Solovyov və onun kimi erməni
lobbisinin maliyyəsi ilə “qidalananların” prosesləri aparıb islama,
müsəlmanlara bağlamaq cəhdi elə Rusiyada vətəndaş qarşıdurması üçün
atılan addım, yaradılan zəminlərdən biri hesab edilə bilər. Çünki
Solovyov kimiləri on milyonlarla müsəlmanın yaşadığı ölkədə
açıq-aşkar informasiya diversiyası ilə məşğul olurlar. Bunun
nəticəsi isə Rusyanın daxilində ciddi narazılıqlar, çalxalanma ilə
nətcələnə bilər.
Görünür şəbəkə elə zənn edir ki, ən yüksək səviyyədə etimad və
tərəfdaşlığın olduğu bu şəraitdə Rusiyadakı bəzi ermənipərəst
dairələr, mediadakı agentləri vasitəsilə Azərbaycana qarşı
informasiya təxribatı təşkil etməyə, Rusiya cəmiyyətində
Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik hissi aşılamağa
nail olacaqlar. Verilişlərində dəfələrlə Azərbaycan-Ermənistan
“münaqişəsi” ilə bağlı qərəzli yanaşması, ermənipərəst mövqeyi
özünü büruzə verən Solovyovun bu qarayaxma kampaniyasında öndə
getməsi təəccübləndirmədi. Əksinə onun adının bu siyahıda ilklərdən
olması bir daha əmin etdi ki, Rusiyadakı erməni lobbisi bu gün
həmin şəbəkəyə daxil olan simalardan təkcə Azərbaycana qarşı yox,
elə Kremlin özünə qarşı da çox məharətlə istifadə etməyə
başlayıb.
Rəsmi Moskva Vladimir Solovyovun efirdəki çıxışlarına və
jurnalist fəaliyyətinə hüquqi qiymətin verilməsini ləngidəcəyi
təqdirdə özünə ölkə daxilində problemləri o qədər tezləşdirmiş
olacaq. Terrorçunun ölkəsi, dini, milləti və insanlığı olmur. Ona
görə də terrorizmə qarşı dinindən və millətindən asılı olmayaraq,
hamı birləşməli, birgə mübarizə aparmalıdır. Bu mübarizədə hər
zaman Azərbaycan dövləti, xalqı ön sırada olub. Çünki terrordan ən
çox ziyan çəkən, zərər görən dövlətlərdən biri uzun illər məhz
Azərbaycan olub.





























