Advertisement

Fransa Ermənistanı yeni müharibəyə təhrik edir – Əli Nağıyev

Bakı. Trend:

Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışa bilməyən
Fransa regionda sülhə dəstək vermək əvəzinə 30 ilə yaxın müddətdə
Azərbaycan torpaqlarını işğal altında saxlamış və xalqımıza qarşı
soyqırımı cinayətləri törətmiş Ermənistanı silah-sursatla təmin
edərək orada öz hərbi missiyasını yaratmaqla revanşist hisslərin
alovlanmasına rəvac verir, Ermənistanı yeni müharibəyə təhrik edir,
Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək planını
reallaşdırmağa çalışır.

Trend xəbər verir ki, bunu DTX-nin rəisi, general-polkovnik Əli
Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.

“Hətta məqsədinə çatmaq üçün bütün bunlarla kifayətlənməyərək öz
xüsusi xidmət orqanı nümayəndələri vasitəsilə müxtəlif şəxsləri
məxfi əməkdaşlığa cəlb edib casus şəbəkəsi formalaşdırmaqla
Azərbaycanın milli təhlükəsizliyinin zərərinə fəaliyyət
göstərir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu fəaliyyət ifşa
olunaraq dərhal və operativ şəkildə zərərsizləşdirilmiş, zəruri və
adekvat addımlar atılıb.

Əməliyyat şəraiti daim nəzarət altında saxlanılmaqla
dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlərin qabaqlanması və
qarşısının alınması istiqamətində müvafiq tədbirlər bundan sonra da
görüləcək.

Biz yeni çağırışlara və bölgəmizdə cərəyan edən mənfi təzahürlü
proseslərin hər cür ssenarisinə daim hazır olmalı, təhlükəsizliyin
etibarlı şəkildə təmin olunması məsələsində ayıq-sayıqlığımızı
əldən verməməliyik”, – deyə Ə.Nağıyev əlavə edib.