Bakı. Trend:
Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi
veriliş yayımlayıb.
Trend xəbər verir
ki, xüsusi verilişin qonağı olan Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aparıcının
Azərbaycanla Ermənistan arasında sülh danışıqları, “Bir kəmər, bir
yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı, Şərq-Qərb
nəqliyyat dəhlizinin əhəmiyyəti, ölkələrimiz arasında enerji
sahəsində əməkdaşlıq, Bakının ev sahibliyi edəcəyi COP29 və digər
mövzularda suallarını cavablandırıb.
Bildirilib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə
əsasən öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. İndi
Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar.
Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində
ən sakit dövrlərdən biri olub.
Vurğulanıb ki, Fransa və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in
Minsk qrupunun himayəsi ilə aparılan 30 illik danışıqlar praktiki
olaraq heç bir nəticə verməyib. Amma indi sülh daha yaxındır,
bölgədə de-fakto sülh hökm sürür. Azərbaycanın məqsədi Qafqaz
regionunu sülh və əməkdaşlıq bölgəsinə çevirməkdir. Qeyd edilib ki,
Azərbaycanın hərbi işğala məruz qalmasına baxmayaraq, məhz o, sülh
müqaviləsinin təşəbbüskarı olub və onun mətnini hazırlayıb.

“Bir kəmər, bir yol” layihəsi ilə bağlı sualı cavablandıran
Prezidentin köməkçisi deyib ki, Azərbaycan Çin Xalq Respublikasının
Sədri Si Cinpin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol”
təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Qeyd edilib ki,
Asiya ilə Avropa arasında yükdaşımalarda ən qısa marşrut olan
Şərq-Qərb Nəqliyyat Dəhlizi rəqabətədavamlı, eyni zamanda,
təhlükəsiz və etibarlıdır. Avropa şirkətləri və qitənin ticarət
institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu
marşrutdan istifadə edə bilərlər.
Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 barədə
məlumat verilib. Bildirilib ki, iqlimin maliyyələşdirilməsi Bakı
konfransında əsas mövzu olacaq.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı
olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi
diqqətə çatdırılıb. Çinlə Azərbaycan arasında enerji sahəsində sıx
əməkdaşlıq mövcud olduğunu, yaşıl keçidin Azərbaycan üçün prioritet
sahəyə çevrildiyi diqqətə çatdırılıb.

İki ölkə arasında münasibətlərə toxunan Hikmət Hacıyev bildirib:
“Çin və Azərbaycan ənənəvi dostlardır. Ölkəmizlə Çin arasında dərin
tərəfdaşlıq əlaqələri mövcuddur. Azərbaycan müstəqillik əldə etdiyi
vaxtdan hər zaman Çinin dəstəyinin və tərəfdaşlığının şahidi olub.
Prezidentlərimiz arasında sıx dostluq münasibətləri var. 2019-cu
ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı ÇXR-in Sədri Si
Cinpin dövlətimizin başçısını yaxşı dost kimi qiymətləndirdi. Bu
parametrlərə əsaslanaraq biz Azərbaycan-Çin münasibətlərini inkişaf
etdiririk. Çin və Azərbaycan siyasi səviyyədə çox yaxşı dostlardır.
Biz bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan
həmişə “Vahid Çin” prinsipini rəhbər tutur. Azərbaycan və Çin
beynəlxalq hüququn fundamental prinsiplərini dəstəkləyir”.
Həmçinin vurğulanıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar
çərçivəsində də əməkdaşlıq edir. Qeyd olunub ki, Azərbaycan bu il
COP29-a ev sahibliyi edəcək və bu istiqamətdə də Çinlə əməkdaşlıq
imkanları mövcuddur. İki ölkə arasında əməkdaşlığın digər
istiqaməti isə iqtisadi sahədir. Bu xüsusda, Azərbaycanla Çinin
ticarət əlaqələri davamlı olaraq genişlənir.
Sonda bildirilib ki, Azərbaycan inkişaf edən ölkədir və Çin ilə
Orta Dəhliz boyu əməkdaşlıq potensialı mövcuddur.





























