Advertisement

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar bəyanat yayıb.

Trend xəbər verir ki, bəyanatda deyilir:

“Tarix boyu soydaşlarımız Ermənistan tərəfindən dəfələrlə
məqsədyönlü şəkildə etnik təmizləməyə, soyqırımına və
deportasiyalara məruz qalıblar.

Xalqımıza qarşı həyata keçirilmiş ən dəhşətli soyqırımı
hadisələrindən biri 1918-ci ilin mart-aprel aylarında törədilmiş və
bu qanlı hadisə Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi
yazılıb.

Soyqırımı hadisələrində Şamaxı qəzasının 110 kəndi, Qarabağın
150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin
98 kəndi, Quba qəzasının 167 kəndi yandırılaraq talan edilib,
əhalisi amansızlıqla qətlə yetirilib. Bu kəndlərdən 35-i yer
üzündən silinib. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və
onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı
öldürülüb.

Təkcə Quba qəzasında 16 min nəfərə yaxın insan öldürülüb.
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar
zamanı aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarında
onların fiziki zorakılığa məruz qalmaları ilə bağlı çoxsaylı
faktların olması ermənilər tərəfindən 1918-ci ildə xalqımıza qarşı
törədilmiş soyqırımı faktını və qeyri-insani əməlləri əyani şəkildə
təsdiqləyir.

Qeyd etmək lazımdır ki, 31 Mart soyqırımı da daxil olmaqla,
tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilmiş
soyqırımı cinayətləri zaman keçdikcə faktlarla sübuta yetirilir.
Bir müddət əvvəl Xocavənd rayonunun Edilli kəndində, Ağdam və Şuşa
şəhərlərində, həmçinin, Xocalıda və işğaldan azad olunmuş digər
torpaqlarımızda kütləvi məzarlıqlarda müxtəlif formada işgəncələrə
məruz qalaraq qətlə yetirilmiş insanların qalıqlarının aşkarlanması
da buna nümunə olaraq göstərilə bilər.

Soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər
boyu davam edən kəskin nifrət siyasəti və əsassız ərazi iddiaları
dayanırdı. Bu iddialar ötən əsrin sonlarında daha da kəskinləşib,
nəticədə, yüz minlərlə soydaşlarımız indiki Ermənistan
ərazilərindən deportasiyaya məruz qalıb, həmçinin, beynəlxalq
səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizi bu ölkə
tərəfindən işğal olunub.

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən
müharibəsi, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilmiş
lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistanın
otuz ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan
torpaqları azad olunaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi
tam bərpa edilib, tarixi ədalət bərqərar olub.

Ötən əsrin əvvəllərində erməni millətçilərin azərbaycanlılara
qarşı törətdikləri amansız soyqırımı hadisələri barədə həqiqətlərin
dünyaya çatdırılması və bu məsələyə siyasi-hüquqi qiymətin
verilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra mümkün olub.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında”
1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilib, soyqırımı aktlarına siyasi-hüquqi
qiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına,
həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına
təkan verilib.

Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımıza
qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə
beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar 1918-ci ildə
azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayəti beynəlxalq
səviyyədə soyqırımı aktı kimi tanımalı, gələcəkdə bu kimi
hadisələrin təkrarlanmaması məqsədilə tarix boyu soydaşlarımıza
qarşı həyata keçirilmiş cinayətlərə biganə qalmamalıdır”.