
Bakı. Trend:
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi ilə bağlı qaydası
müəyyənləşir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual
Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddədə (253-1) əksini
tapıb.
Yeni maddəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə
edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış
sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və
ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair
tədbirlərin görülməsi başa düşülür.
Üzərinə həbs qoyulmuş əmlak mülki iddianın və xüsusi müsadirənin
təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq,
habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını
almaq məqsədilə idarə edilir.
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar
məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılmış vəsatəti və
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq
səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə
nəzarətini həyata keçirən məhkəmə, məhkəmə icraatı zamanı isə işə
baxan məhkəmə tərəfindən qəbul edilir.
Bu Məcəllənin 253-1.5-ci maddəsində nəzərdə tutulan hallar
istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin
yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.
Üzərinə həbs qoyulmuş daşınar əmlak mülkiyyətçinin razılığı
olmadan, yalnız əmlak tez xarab olan əşya olduqda və ya əmlakın
saxlanılması insanların həyatı, sağlamlığı və ya ətraf mühit üçün
təhlükə yaratdıqda satıla bilər.
Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs
qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil
edilir.
Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını
almaq məqsədilə mülkiyyətçinin yazılı müraciəti və ya yazılı
razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülə
bilər. Mülkiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması
ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə
mindikdən sonra və həmin qərarda müvafiq yaxşılaşdırma tədbirləri
də nəzərdə tutulduqda görülə bilər. Üzərinə həbs qoyulmuş əmlakın
yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil
edilir.
Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya
təyinatlı digər daşınmaz əmlak mülkiyyətçinin yazılı müraciəti və
ya yazılı razılığı ilə bu Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə
tutulmuş qaydada icarəyə və ya idarəetməyə verilə bilər.
Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə
verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə
edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının
vəzifələrinə nail olunmasına mane olmadığı halda yol verilir.
Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs
qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
təşkil edilir.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda
qəbul edilib.





























