Advertisement

Azərbaycanda hərbi qulluqçuların vəzifələri ARTIRILIR

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçuların vəzifələri artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Mili Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan
Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq
edilməsi haqqında’ qanuna təklif edilən dəyişiklikdə əksini
tapıb.

Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin
mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək
daxil edilir.

Daxil olmuş qanun layihəsi 1954-cü il tarixli “Silahlı münaqişə
zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına
dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin
qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil
edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın
yaradılması məqsədi ilə hazırlanıb.

Qanun layihəsində silahlı münaqişə zamanı mədəni sərvətlərin
mühafizəsinin beynəlxalq qaydalarının öyrənilməsi və onlara riayət
edilməsi vəzifəsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
hərbi qulluqçularına tapşırılması, silahlı münaqişə zamanı daşınar
mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində fərqləndirici
emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə olunması
imkanının təsbit edilməsi, ekstradisiyadan imtinanın hüquqi
əsaslarının genişləndirilməsi, habelə Azərbaycan xalqının milli
mədəni və təbii irsinə aid obyektlərə xüsusi mühafizə və ya
gücləndirilmiş mühafizə statusunun verilməsinə dair tələbləri
nəzərdə tutan normalar öz əksini tapıb.