
Bakı. Trend:
29 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər
Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul
edib.
XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və
Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən
irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə
olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin
regional və beynəlxalq platformalarda əməkdaşlığın
genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir
sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri
ətrafında müzakirə aparılıb.
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar
prosesi, habelə görülən hazırlıq işləri barədə
məlumatlandırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın
bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun
Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni
çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq
yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya
etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib.
Bu istiqamətdə, cari ilin 5 aprel tarixində keçiriləcək
Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və
inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin,
habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm
sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı
narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb.
Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional
sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam
etdirmək əzmində olduğu diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.





























