
Bakı. Trend:
Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında təhlükəsizliklə
bağlı görüşün keçirilməsi planlaşdırılır. Təbii ki, bu birtərəfli
görüş regiona yaxşı heç nə vəd etmir. Bu format Azərbaycana qarşı
yönəlib və Azərbaycanı, Cənubi Qafqazda kövrək sabitliyi hədəf
götürüb. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər
açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili
standart yanaşmasına əsaslanır.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa
Qasımlı bildirib ki, ABŞ və Avropa İttifaqı regionda sülh
istəyirlərsə, mütləq bərabər münasibət bəsləməlidirlər.
“Biz bu bərabər münasibəti 30 il ərzində torpaqlarımız işğal
altında olanda görmədik və indi də görmürük. Axı Ermənistanı kim
təhdid edir?! Ermənistanı heç kim təhdid etmir. Bizə regionda sülh
lazımdır. Ancaq onlar bunu istəmirlər və onların burada bir neçə
məqsədləri var, öz maraqlarını təmin etməyə çalışırlar”, – deyə
deputat əlavə edib.
Geniş videomüsahibəni təqdim edirik:





























