
Bakı. Trend:
Azərbaycan xalqına qarşı törədilmiş və illər boyu öz
siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin ən
faciəli səhifələrindən biridir. Bakı şəhərində, Bakı quberniyasının
müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni
daşnaklarının və onların havadarlarının silahlı dəstələri
tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində
on minlərlə dinc azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə
görə qətlə yetiriib, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət
abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Bədnam xislətindən əl çəkməyən mənfur erməni millətçilərinin
azğınlığı iki yüz ilə yaxın davam etdi. Azərbaycan dövlət
müstəqilliyini bərpa etməklə bir çox qaranlıq məqamlara aydınlıq
gətirdi. Hər bir azərbaycanlının illər boyu gözlədiyi tarixi ədalət
isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması
ilə bərqərar oldu, tarixi ədalət bərpa olundu. Azərbaycan ordusu
tarixi zəfərə imza atdı, erməni-bolşevik silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərin,
soyqırımının, şəhidlərimizin, Xocalı qurbanlarının qisası 44 günlük
Vətən müharibəsi zamanı alındı.
“1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlıların
soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün
soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya
ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar
siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı
yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl
həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son
illərdə dünya ictimai fikrinə çatdırılmağa başlayıb.
Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici
ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət
düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri
real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu
beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı
nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona
hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və
müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam
etdirilməlidir.
Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin
müqəddəs borcudur”. Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin qeyd
etdiyi kimi 31 Mart – Azərbaycanlıların soyqırımını, Xocalı
faciəsini, günahsız soydaşlarımızın məruz qaldığı soyqırımının
dəhşətlərini hər gün xatırlamağa, unutmamağa borcluyuq. İşğalçı
erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın
bir müddətdə soyqırımı siyasəti həyata keçirilib.
Azərbaycanlıları tarixi torpaqlarından uzaqlaşdırmaq,
havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan”
yaratmaq məqsədilə Azərbaycan və türk xalqları onilliklər boyu
mütəmadi olaraq ermənilərin ideoloji və hərbi təcavüzünə məruz
qalıblar. Xalqımızın çoxəsrlik tarixi ədalətsizcəsinə
saxtalaşdırılıb, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər
tərəfindən özününküləşdirilib.
Milli Məclisin deputatı,
Rauf Əliyev





























