
- Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və
Ermənistan arasında keçiriləcək müştərək konfrans Cənubi Qafqazdakı
vəziyyəti kökündən dəyişə bilər.
Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyan arasındakı görüşdə Qərbin İrəvana yardımları
ilə dəstəyinin artırılması nəzərdə tutulur.
Tərəflərin hər biri görüşdə sırf iqtisadi və siyasi məsələlərin
müzakirə ediləcəyini vurğulayırlar. Amma ermənilər Brüsseldə az
qala Qərblə Ermənistan arasında “hərbi-siyasi pakt”ın
imzalanacığını bəyan edirlər. Üstəlik, məhz Brüssel görüşünün
Ermənistana edilən hərbi-texniki yardımları daha da
sürətləndirəcəyi söylənir.
Rəsmi Bakının baş verənlərlə bağlı mövqeyi məlumdur.
“Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün,
işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT
Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal,
tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə
baxmayaraq, heç zaman Aİ və ABŞ-dən bu formada qeyd-şərtsiz dəstək
almayıb”.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında əks
olunmuş fikirlərdir.
Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi
Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən
sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv
mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli
dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin
Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında
etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki
monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı
Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi
Azərbaycan tərəfindən xahiş olunub.
İlkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan
AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi
sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib.
Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti
kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın
AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə
malikdir. Bu addımlar, həmçinin, AİEM-i çəkindirici qüvvə
adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi
barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə,
AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral,
mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə
Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya
onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir
edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün
zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə
çağırış edilib.
Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi,
Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi
təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla)
dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir
üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın
dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa
Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi
planları və aprelin 5-də keçiriləcək toplantının hərbi
komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq
doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.
Göründüyü kimi, Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq
şəkildə birtərəfli və qərəzli məzmun daşımaqla yanaşı, birbaşa və
bütünlüklə Qərbin bölgəmizdə yürütdüyü ikili standart yanaşmasının
təzahürüdür.
Brüssel konfransına hazırlıq şəffaflıqdan, regional
inklüzivlikdən məhrum olmaqla yanaşı, Cənubi Qafqazın hazırda ən
çox ehtiyac duyduğu etimadın formalaşması, inteqrasiya proseslərinə
başlanması cəhdlərinə tam ziddir.
Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək
əvəzinə, regionda yeni bölücü xətlər və “təsir dairələri”
yaradır.
Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və
Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür
Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və
ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli
illüziya yarada bilər.
Rəsmi Bakı hesab edir ki, bu halda, Aİ və ABŞ Ermənistanın
sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti
bölüşəcəklər.
Brüssel konfransının təməli ötən ilin oktyabrında Avropa Siyasi
Birliyinin İspaniyanın Qranada şəhərində keçirilmiş 3-cü zirvə
toplantısında qoyulub.
Məhz həmin sammitdə Qərb birmənalı olaraq nümayiş etdirdi ki,
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına
yönəlmiş danışıqlar prosesində obyektiv mövqe tutmaq fikrindən
uzaqdır və Ermənistanı birmənalı şəkildə dəstəkləyir.
Fransa prezidenti Emmanuel Makronun “sevimli geosiyasi
oyuncaq”larından sayılan Avropa Siyasi Birliyinin Qranada
toplantısına Azərbaycan və Türkiyə prezidentləri
qatılmamışdılar.
Buna rəğmən, Emmanuel Makron, Avropa Şurasının rəhbəri Şarl
Mişel, Almaniyanın kansleri Olaf Şolts və Ermənistanın baş naziri
Nikol Paşinyan dördtərəfli bəyanat imzaladılar.
Bəyanat Azərbaycanın daxili işlərinə çox kobud müdaxilə cəhdi
idi.
Daha sonra elə həmin sammitdə N.Paşinyanla Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen görüşərək, birgə sənəd imzaladılar.
Sənəddə “Azərbaycanın qarabağlı ermənilərə qarşı hərbi
əməliyyatları” qətiyyətlə pislənmiş, Ermənistana yardımların
formatı müəyyənləşdirilmişdi.
Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan konfrans
barədə də elə Qranada sammitində qərar qəbul edilmişdi.
Bəs yaxşı, belədirsə, Brüssel konfransı nə vəd edir və Bakının
sərt mövqeyinin səbəbi nədir?
Əvvəla, Brüsseldə Qərblə Ermənistan arasında hər hansı formada
“hərbi-siyasi pakt”ın imzalanması barədə iddiaların əsası yoxdur.
ABŞ və Avropa İttifaqının siyasi elitaları Ukrayna ilə olan
anlaşmaların analoqunu Ermənistana tətbiq etmək niyyətində
deyillər.
Ermənilərin nail ola biləcəkləri maksimal “uğur” hərbi-texniki
yardımların artırılması ola bilər.
Azərbaycanın “potensial hərbi təhlükə” qismində göstərilməsinin
də səbəbləri var.
Avropa İttifaqının və ABŞ-nin Cənubi Qafqazla bağlı əsas
məqsədləri bölgədə Rusiya və İranın təsir imkanlarını azaldılması,
Rusiyanın, ümumiyyətlə, bölgədən sıxışdırılıb çıxarılmasıdır.
Ermənistan buna görə dəstəklənir və Qərb İrəvana qarşısına şərt
qoyaraq yardımlarla dəstəyin müqabilində Rusiyadan asılılığın
minimuma endirilməsini, sonra isə, ümumiyyətlə, Rusiya-Ermənistan
əlaqələrinin zəiflədilməsini, Rusiyanın Ermənistandakı 102-ci hərbi
bazasının çıxarılmasını və s. tələb edir.
Brüssellə Vaşinqton İrəvanın Moskvadan siyasi, iqtisadi, hərbi,
maliyyə və s. sahələrdə asılılığına son qoyulmasını istəyir.
Amma istəmək ayrı, bu istəyi gerçəkləşdirmək ayrı.
Ermənistan rəhbərliyi bütün anti-Rusiya bəyanatlarına və
demarşlarına rəğmən, yaxın perspektivdə nə KTMT-ni, nə Avrasiya
İqtisadi Birliyini, nə də Avrasiya Gömrük İttifaqını tərk edə
biləyəcəyini bilir və bunu Qərbin nəzərinə çatdırır.
Gümrüdəki 102-ci bazanın da yaxın illərdə çıxarılması Ermənistan
üçün həddən ziyadə problematik məsələdir.
ABŞ və Avropa İttifaqı rəhbərliyi amerikalılarla avropalıların
“Rusiyadan hələ də asılı olan və sıx işbirliyini davam etdirən
Ermənistana niyə külli miqdarda yardım etməliyik?” təki məntiqi
sualına cavab vermək məcburiyyətində qala bilərdilər.
Vaşinqton, Brüssel və İrəvan uzun çəkən kluar müzakirələrdən
sonra qərara gəldilər ki, Rusiyadan asılı qalmağa davam edən
Ermənistana yardımlara, İrəvanın dəstəklənməsinə haqq qazandırmaq
üçün mifik “Azərbaycandan təhlükə” narrativi ortaya atılsın.
Avropa İttifaqı siyasətçilərinin, mediasının və təbii ki,
Ermənistan rəhbərliyinin fasiləsiz olaraq “Azərbaycan hər an hücum
edə bilər, müharibə ola bilər” isteriyasının kökündə bəhs etdiyimiz
məqam dayanır.
Halbuki Azərbaycanın belə niyyəti yoxdur və hətta Ermənistan
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard
Asryan belə bəyan edib ki, “Azərbaycanın sərhədə şəxsi heyətlə
texnika toplaması barədə deyilənlər əsassızdır”.
Fəqət Qərbin “aqressiv Azərbaycan” obrazı yaratmaq cəhdləri, bu
çirkin oyun səngiməyib.
Bakını ən çox qıcıqlandıran da sözügedən məsələdir.
Amma əsas məsələ bu deyil.
Hərgah Qranadadakı dördtərəfli, sərsəm bəyanat aprelin 5-də
keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşünün yekun
sənədində xatırlanarsa və həmin sənədə hansısa formada istinad
edilərsə, bu məqam Azərbaycanı ciddi narahat edəcək, Ermənistanla
aparılan danışıqlar prosesinə ciddi təsir edəcək.
Brüsseldə imzalanacaq sənəddə Qranadadakı bəyanat
xatırladılarsa, Azərbaycanın Qərblə konkret məsələlər, sahələr və
istiqamətlər üzrə əməkdaşlığı, təbii ki, davam edəcək.
Amma ölkəmizin maraqlarının nəzərə alınmaması hesabına
Ermənistanı dəstəkləyən və bunu davam etdirəcək Qərbə cavabımız
İrəvanla aparılan danışıqlarda fəallığı birtərəfli qaydada
azaltmağımız olacaq.
Qərb bizə qarşı belə davranırsa, mövqeyimiz daha da
konkretləşəcək, sülh danışıqları prosesi mövzusu açıq qalacaq.
Əgər Qərb bölgəmizdə yaxın perspektivlə bağlı “stavka”nı
Ermənistana edirsə, İrəvanı uzunmüddətli dəstəkləmək fikrindədirsə
– bu, ABŞ və Avropa İttifaqının seçimdir.
Xatırladaq ki, Ermənistanı son 30 ildə də bir ölkə eynən belə
dəstəkləmişdi.
Amma indi həmin ölkə ciddi səhvə yol verdiyini anlayaraq, Bakı
ilə münasibətləri inkişaf etdirməyə çalışır.
Azərbaycan hadisələrin istənilən məcrada inkişafına
hazırdır.





























