Advertisement

ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb – Deputat

Bakı. Trend:

Hazırkı durumda Aİ və ABŞ-nin sərgilədiyi fəaliyyət, 5 aprel
görüşünə hazırlıq, təhlükəsizlik adı ilə düzənlənən növbəti şou,
məzhəkə, heç şübhəsiz, xüsusi məqsədlərə hesablanıb.

Bunu Trend-ə Milli
Məclisin deputatı Elşən Musayev deyib.

“Sülhün bir addımlığında idik. Hər şey öz yolunda, qaydasında
gedirdi. Niyə imkan vermirsiniz? Niyə hər fürsətdə öz məkrli
niyyətlərinizlə bərabər zühur edirsiniz? Niyə ara qatıb, iş
korlamaqdan yorulmursunuz, usanmırsınız?

Görəsən, məlum Qərb dairələri nə zaman dərk edəcəklər ki, artıq
onların üzündəki bütün maskalar yırtılıb? Görəsən, bu binəvalar nə
zaman anlayacaqlar ki, elədikləri hər şey yanlışdır, əbəsdır,
faydasızdır və Azərbaycana belə saxta şoularla təsir etmək
mümkünsüzdür?

Üstəlik, özündə qəribəlik və absurdluq elementləri daşıyan digər
nüans nədir, bilirsinizmi? – Paşinyanın hələ də həmin qüvvələrin
əlində alət olmağa razılaşması! Hərgah, burada məqsəd gün kimi
aydındır: ABŞ-nin də, Aİ-nin də hazırda yeganə hədəfi odur ki,
bölgədə, Qafqazda daha çox təsir imkanları əldə etsin və
Ermənistanı Rusiyanın əlindən tam almaqla öz dominantlığını
gücləndirsin.

Ermənistanın baş naziri isə bu tələyə doğru şüurlu şəkildə
gedir. Üstəlik, onu da nəzərə almır ki, həmin Qərb, həmin ABŞ,
həmin Avropa indiyə qədər Nalvalnı və Saakaşvilinin, digərlərinin
arxasında necə durubsa, durdusa, onun da arxasında eləcə duracaq.
Yəni iş çətinə düşən kimi aradan çıxacaq, dabanına tüpürüb
qaçacaq!”, – deyə deputat bildirib.

O qeyd edib ki, təbii ki, Aİ-nin sərhəddə öz missiyasının sayını
artırmaq təşəbbüsü sülh prosesinə yalnız və yalnız mənfi kontekstdə
təsir göstərəcək.

“Niyə mənfi? Çünki onlar bölgəyə sülh üçün deyil, sülhün
olmaması üçün gəlirlər. Çünki sülh istəyən qüvvə yatıb indi
ayılmazdı, hələ ATƏT-in Minsk Qrupu çərçivəsində nələrsə edərdi,
əməli fəaliyyət göstərərdi. Çünki ABŞ-nin, Aİ-nin əl və barmaq
qoyduğu yerlərdə sözlər, imzalar deyil, yalnız silahlar
danışır.

Paşinyan ABŞ-nin, Aİ-nin üzərinə elə sevincək qaçır, sanki “ağ
günə” çıxacaq. O, fərqində belə deyil ki, dövlətin, millətin
xoşbəxt gələcəyi üçün lazım olan əsas şərt müstəqillikdir, müstəqil
qərar vermək bacarığıdır, kimsənin üzərinə yıxılmamaqdır, öz
gücünə, öz təpərinə güvənməkdir, xalqın gələcəyinə hesablanan
addımlar atmaqdır.

Hər halda gözləyək. Səbirlə gözləyək, görək, bu işin sonu hara,
hansı istiqamətə doğru gedir. Amma nəticə hər nə olursa-olsun, bir
şeyi indidən dəqiq deyə bilərik: Azərbaycanı öz haqlı mövqeyindən,
yürütdüyü müstəqil siyasətdən kimsə döndərə, çəkindirə bilməz. Heç
bir məkirli birlik bizim yolumuzda əngələ, maneəyə çevrilə bilməz.
Bunu Ermənistan da qulağına sırğa eləsin, ABŞ da, Avropa İttifaqı
da”, – deyə E.Musayev əlavə edib.