
Bakı. Trend:
Aydın Quliyev yazır…
Azərbaycan əleyhinə Ermənistanın hərbi, siyasi və diplomatik
cəhətdən daha da qüvvətləndirilməsinə hesablanmış 5 aprel Brüssel
görüşü ilə bağlı yeni təzahürlər üzə çıxmaqdadır. Əvvəlcə ABŞ
Dövlət Departamentinin rəsmisi Metyu Millerin “Brüssel görüşü
Ermənistanın İQTİSADİ MÜQAVİMƏTLİLİYİNİN artırılmasına yönəlib”
bəyanatı ilə Azərbaycana mesaj verməyə çalışdılar ki, burada sizə
qarşı hər hansı hazırlıq yoxdur və sair.
Təbii ki, mesaj havada qaldı və Azərbaycanı “Brüsseldə
müzakirələrin müharibə hazırlıqları ilə əlaqəsi yoxdur” kimi bir
şeyə inandırmaq mümkün deyil. Əgər müharibədən sonrakı 3,5 ildə
Ermənistan sülhə yox, yeni hərbi quruculuğa üstünlük verirsə,
Azərbaycan Brüssel görüşünə necə şübhə etməyə bilər?!
Millerin Brüssel görüşünün hərbi məzmununu ört-basdır edərək,
ona “İQTİSADİ MÜQAVİMƏTLİLİK” deyə yanıldıcı ideya fonu vermək
cəhdindən sonra oxşar qəbildən başqa hadisə baş verdi. Avropa
Birliyinin xarici siyasət xidmətinin əməkdaşı Peter Stano da
bəyanat verdi.
Cənab Stano bəyan etdi ki, “Brüsseldə Azərbaycan-Ermənistan
münasibətləri, normallaşma və sülh prosesinə aid məsələlərə
baxılmayacaq, Avroittifaqla Ermənistan arasında sazişin sonadək
icrası və yeni Tərəfdaşlıq proqramı əsasında Ermənistanın
stabilliyini və dayanıqlılığını artırmaq əsas hədəfdir, stabil və
dayanıqlı Ermənistan daha stabil Cənubi Qafqaz deməkdir”.
Bunlar cənab Stanonun ümumiləşmiş mövqeyidir, diqqətlə təhlil
edəndə onların arxasında Azərbaycana qarşı hansı planların və
niyyətlərin əsas icraçısı rolunda Ermənistanın seçildiyinə şübhə
yeri qalmır.
Əvvəla, Brüsseldə Azərbaycan-Ermənistan normallaşma
məsələlərinin müzakirə edilməyəcəyi barədə bəyanat “fəlakətin
müjdəsini” verməkdən başqa bir şey deyil. Niyə? Çünki bölgənin ən
ciddi probleminin iki ölkə arasında sülh sazişi olduğu halda, Stano
bu məsələnin müzakirə edilməyəcəyini guya xoş xəbər kimi təqdim
edir. Sülh məsələsinin müzakirə edilməyəcəyi daha pis xəbərdir.
Əgər Avropa rəsmisi bu anormallığı xoş xəbər kimi verirsə, deməli,
o görüşdə Ermənistanın Azərbaycanla nəinki sülhə təşviq
edilməsindən söz getməyəcək, üstəlik, Ermənistan Azərbaycana qarşı
daha aqressiv hazırlıqlara həvəsləndiriləcək.
İkincisi, necə yəni “stabil Ermənistan stabil Cənubi Qafqaz
deməkdir”? Ermənistan özünün 90-cı illərdən başlayan aqressiv bölgə
siyasəti ilə regional sabitliyin necə dayağı ola bilər? Hazırda
təcavüzkar siyasətinə görə kapitulyasiya edildiyi üçün revanş
niyyəti ilə yaşayan bir ölkə hansı məntiqlə regional sülhün dayağı
ola bilər? Aqressiv siyasət səbəbindən bütün regional layihələrdən
kənarda qoyulmuş və xaricilərin dilənçi yardımı hesabına yaşayan
ölkə regional sabitliyin dayağı yox ,heç çöpü də ola bilməz.
Ermənistanın istənilən iqtisadi göstəricilərini müqayisəli
təhlil etsəniz, bu ölkənin heç “öz qarnını belə doyurmaq” gücündə
olmadığını görərsiniz. Ancaq cənab Stano, deyəsən, bunu görmək
istəməyib. Cənubi Qafqazda stabilliyin açarı və dayağı rolunu
faktiki olaraq oynayan Azərbaycanı bu statusda Ermənistanın ayağına
vermək ikili standartların ən bariz təzahürüdür.
Ermənistan hakimiyyəti regional sabitliyin əsası kimi götürülə
biləcək bircə ideya, təşəbbüs göstəribmi?! Xeyr! Ancaq Azərbaycan
Prezidentinin “regional stabillik oxu” sayılan bir neçə orijinal
təşəbbüsünü və ideyasını xatırlatmaq olar…
Beləliklə,regional sülhə çeşidli təhlükələr vəd edən 5 aprel
Brüssel görüşünün əsl mahiyyətini ört-basdır etməyə yönəlmiş
hələlik 3 yanıldıcı ideya görürük:
1. Metyu Millerə ( ABŞ) məxsus “İQTİSADİ DAYANIQLILIĞIN
artırılması” ideyası – bu ideya ilə Ermənistanın yeni aqressiyalara
( fərqi yoxdur Azərbaycan, ya Rusiya əleyhinə) hazırlaşdırıldığını
gizlətmək istəyirlər.
2. Peter Stanoya (Avropa Birliyi) məxsus “STABİL ERMƏNiSTAN
STABİL CƏNUBİ QAFQAZ deməkdir” ideyası – bu ideya ilə guya bütün
Cənubi Qafqazın rifahına yönəldilmiş vahid strategiyanın aparıldığı
nümayiş olunur.
3. “Brüssel formatı 3-cü ölkəyə qarşı çevrilməyib” – Ermənistanın
özü və Avropa Birliyi tərəfindən irəli sürülən bu ideya isə
“Azərbaycanı arxayınlaşdırmaq və başının altına yastıq qoymaq”
məqsədi güdür.
Ancaq Azərbaycanın strategiyası etibarlı əldədir.





























