
Bakı. Trend:
31 Mart – Azərbaycanlıların soyqırımından 106 il keçir.
Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində ermənilər
tərəfindən insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan
qırğınlara və terrora, soyqırımlarına, etnik təmizləməyə məruz
qalıb. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan
tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, erməni millətçilərinin mifik “Böyük
Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan xalqının
başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin
mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi
qəddarlıqla törədilmiş kütləvi qırğınlardır:
“1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və
Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Qarabağ,
Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər
ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı
dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində, rəsmi
mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi
abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Həmin hadisələrə rəhbərlik edən məhz Şaumyan olub. Erməni daşnak
birləşmələri Bakı şəhərini gəmilərdən yaylım atəşinə tutdular.
Bunun ardınca isə silahlı daşnaqlar azərbaycanlıların evlərinə
hücum edərək, amansız qətllər törədirdilər.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin
köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən
basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib. Elə bu
soyqırımının amansızlığını xarakterizə edən cəhətlərdən biri də
ondan ibarətdir ki, daşnak terrorçuları uşaqlara, qadınlara,
qocalara qarşı amansızlıq törətmişdilər.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi
qırğınına başlanılıb. Dinc azərbaycanlıların qırğınında Bakı
Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun”
partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam
edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyilə
azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib,
uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər.
Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin
başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə
Komitəsinin qərargahına gəliblər. Onlar qısa vaxtda
təlimatlandırılaraq müsəlman məhəllələrinə göndəriliblər. Yaxşı
silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə
soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır,
uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna
keçiririblər.
Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq
üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman
qadınlarını daha ağır formada qətlə yetiriblər. Şəhərin təkcə bir
yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57
müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri
divara mıxlayıblar.
O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində
həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin
martında, yalnız Bakıda daşnaklar 15 mindən çoх günahsız müsəlmanın
qətlə yetirildiyi göstərilmişdi.
Həmçinin, Komissiyanın materiallarına əsasən, azərbaycanlılara
qarşı soyqırımı həyata keçirən erməni quldurları Şamaxıda 8 minədək
dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl
qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü
yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3
min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək
qətlə yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir
neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi
məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.
Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və
ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan
quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə
yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı
dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər
arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini
məhv edib”.
Deputat bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31
Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya
yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
başlanılıb:
“1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük
tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında”
fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü”
elan edilib.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham
Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi
məzarlıq üzərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına
qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb.
Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik
olan təşəbbüslərdir”.





























