Advertisement

Tarixin səhifələri vərəqləndikcə erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır – Azər Qarayev

Bakı. Trend:

Xalqımıza qarşı törədilən bəşəri cinayətlərdən biri də 31 Mart
soyqırımıdır. Azərbaycan xalqına qarşı törədilmiş və illər boyu öz
siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin ən
faciəli səhifələrindəndir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, 1918-ci il martın 30-da Bakıda başlanan
kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmadı, Şamaxıda, Qubada,
Lənkəranda, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırıldı, on
minlərlə insan vəhşicəsinə qətlə yetirildi.

“Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri yaşayış
məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları
yerlə-yeksan etdilər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni
millətçiləri qeyri-insani əməllərini davam etdirdi, Qarabağ,
Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi
qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər”.

A.Qarayev bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün
soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da
Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında”
fərman imzalayıb:

“Fərmana əsasən, martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü”
elan edilib. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan
tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində
səylərin artırılmasına təkan verdi.

31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd
edilməsinin həm hüquqi, həm də tarixi əsasları var. Məhz bu iki
məqam həmin fərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan
dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə,
keçmişini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq
qazandı.

Ümumiyyətlə, “soyqırımı” beynəlxalq hüquqi termininin mahiyyəti
1948-ci ildə ilk dəfə BMT-nin İnsan Hüquqları Komitəsinin qəbul
etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib və bu
anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın bir milləti,
xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli
mənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir.

Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki,
azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya və soyqırımına
məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası,
erməni terror təşkilatlarının – Daşnaksütyun, ASALA və digər
qruplaşmaların iştirakı ilə azərbaycanlılara qarşı etnik təmizləmə,
deportasiya və soyqırımı həyata keçirilib. Çar Rusiyası, Sovet
hökuməti, İngiltərə hökuməti isə onların ilhamvericiləri olub.
Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiqlənib”.

Politoloq vurğulayıb ki, tarixin səhifələri vərəqləndikcə
yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə
çıxır:

“Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində
axtarışlar genişləndirilir, arxiv sənədləri, soyqırımları
təsdiqləyən çoxsaylı sübutlar aşkarlanır.

Prezident İham Əliyevin də vurğuladığı kimi, biz heç vaxt
işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Azərbaycan döyüş
meydanında qalib gəlməklə öz şəhidlərinin qisasını aldı. Tarixi
zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa
olunması faciələrimizi, zaman-zaman ermənilərin həyata keçirdikləri
soyqırımı və deportasiyaları unutdurmur, ona yeni məzmun
gətirir”.