Advertisement

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı
Günü il bağlı bəyanat yayıb.

Trend-in
məlumatına görə, bəyanatda deyilir:

“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni
qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı
olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış
günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik
təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün
üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel
aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər.
Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə
digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi
amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri,
dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində,
təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə
yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam
qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş
kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni
olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və
“Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair
etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət
abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart
hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə
cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb,
Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə
görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb,
Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin
süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə
mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini
yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər
Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart
1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət
verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan
edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu
ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə
törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən
müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda
məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri
azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük
siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha
baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına
son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün
yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca
əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin
baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı,
beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və
soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini
dərin hüzn və ehtiramla yad edirik”.