Advertisement

Ermənistan silahlı qüvvələri tərəfindən hər hansı hərbi təxribat cəhdi qətiyyətlə alınacaqdır – MN

Bakı. Trend:

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif
istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi,
zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş
vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti
müşahidə olunur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, son vaxtlar
Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist
qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın
yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə
informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən
təhrikçi məlumatların sayının artması özünü büruzə verir.

“Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun
qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.

Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə
biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə
Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”, – deyə
Nazirlik bildirib.