Advertisement

Ermənistan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməlidir – QAİ

Bakı. Trend:

Qərbi Azərbaycan İcması 31 Mart – Azərbaycanlıların Soyqırımı
Günü ilə bağlı bəyanat yayıb.

İcmadan Trend-ə daxil olan bəyanatda deyilir:

“Ermənistanın və erməni silahlı qruplaşmalarının
azərbaycanlılara qarşı törətdiyi çoxsaylı soyqırımı aktlarından
biri olan 1918-ci il martın 31-də erməni-bolşevik silahlı
qruplarının Bakı şəhərində azərbaycanlıları kütləvi qətliamının
tarixi ilə götürülmüş bu gün bir hüzn günü olmaqla yanaşı, həm də
bu cinayətləri törədənlərin hələ də cəzasız qalmasına dair
bəşəriyyətə bir xatırlatmadır.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı
haqqında” 1998-ci il martın 26-da imzaladığı Fərmanında da
bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərazində
aparılıb və əsas məqsədi tarixi Azərbaycan ərazilərini ələ keçirmək
olub.

Azərbaycan xalqına qarşı soyqırımı etnik nifrət aşılayan irqçi
ideologiya zəminində sistemli şəkildə həyata keçirilib və tarixi
Azərbaycan torpaqlarının demək olar ki, bütün hissələrində
törədilib. 1905-ci ildən intensivləşməyə və açıq forma almağa
başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız
olub. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur,
Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə
azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə
həyata keçirib.

Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları
nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən
çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin
ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci
illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar
tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı
indi Ermənistan adlanan o ərazidə qalmayıb və azərbaycanlılara
məxsus mədəni irs tamamilə dağıdılıb.

1918-ci il martın 31-də Bakıda ifrat millətçi “Daşnaksütyun”
partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliamı
əvvəlki və sonrakı dövrlərdə tarixi Azərbaycan torpaqlarında
xalqımıza qarşı həyata keçirilmiş genişmiqyaslı soyqırımı təcəssüm
edən dəhşətli bir hadisədir.

Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən irqçi siyasətini
davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və
ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara
qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş
Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, MonteMelkonyan
kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi irqçi ideologiyanı
dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini
etiraf etməyə və barışıq naminə zəruri addımları atmağı tələb
edirik. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və
ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı
Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan
azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və
praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq
əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim
etməli, onları şöhrətləndirməyə dərhal son verməli,
azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi
xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer
adları dəyişikliklərini ləğv etməlidir”.