Advertisement

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına
əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi
təyinatlı təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə
də soyqırımı qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad
edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri
arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti
və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar
kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli Fərmanı ilə hər il mart ayının 31-i Azərbaycanlıların
Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev
Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı
dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi
məqsədyönlü tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim
olunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib,
ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr
oxunub.

Hərbi qulluqçular tərəfindən soyqırımı qurbanlarının abidələri,
eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən
övladlarının məzarları ziyarət olunub.