Advertisement

Ermənilərin Makron virusu: Paşinyan vəcdə gəldi, özünü “peyğəmbər” elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatiya,
müasir siyasət və geosiyasət sahələrində bilgisizliyinin olduğu
bəlli məsələdir.

Onun ciddi əqli və psixoloji problemlərlə üzləşmiş şəxs olduğu
indi aşkarlanıb.

Ermənilərin hökumət başçısı özünü İsa Məsihlə, ətrafındakıları
isə həvariyunlarla müqayisə edib.

Sədri olduğu “Mülki Müqavilə” partiyasının Artaşatdakı üzvləri
qarşısında çıxış edərkən Nikol Paşinyan yenə illüziyalara qapılıb.
O, “Mülki Müqavilə”nin qarşılaşdığı çətinlikləri İsa Məsihin
həvariyunlarının qatlaşdıqları və dəf etdikləri müşküllərlə müqayis
edib.

Paşinyanın dediyinə görə, onun üçün “görünən məğlubiyyət
vasitəsilə və ya bu məğlubiyyətdən sonra qalib gəlmiş” İsa Məsihin
mənəvi və dini anlamı qədər siyasi anlayışı mühümdür: “Bu məsələni
“Mülki Müqavilə”nin siyasi fəaliyyətinə bənzədirəm. son altı il
ərzində partiyamız, komandamız, siyasi missiyamız dəfələrlə ölüb,
dəfələrlə dirilib. Mən bunda böyük məna görürəm”.

N.Paşinyanın sözlərinə görə, onun anlamında “İsa Məsih Yer
üzündə nə zamansa mövcud olmuş ideal lider obrazı, ən böyük
inqilabçıdır”.

Hökumət başçısının dedikləri hətta onaa inanan tərəfdarlarını da
prostrasiya vəziyyətinə salıb, çünki onlar indiyədək jzünü az qala
İsa Məsihdən sonra ikinci insan hesab edən şəxsi görməmişdilər.

Amma artaşatlı ermənilərin “şok terapiyası” bitməyib.

Nikol Paşinyan daha sonra hansısa məcazlara, təhkiyələrə,
işarələrə və ya metaforalara əl atmayaraq açıq-aşkar deyib ki, hələ
də Ermənistanın işğalında olan Azərbaycan kəndləri ermənilərə
məxsus olmayıb, deyil.

“Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı
müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir
şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş
rayonunun 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb.
Ermənistanda heç vaxt Qızılhaclı, Xeyrimli, Aşağı Əskipara,
Bağanıs-Ayrım adında kənd olmayıb. Bağanıs-Ayrımı Tavuş
vilayətindəki Bağanis kəndi ilə qarışdırmaq olmaz, çünki Tavuş
vilayətində Bağanis kəndi var, o, Ermənistan ərazisidir.
Qızılhacılı hazırda 100% Azərbaycanın nəzarətindədir. Biz heç vaxt
bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz
ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar
ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia
etmirik”, – N.Paşinyan deyib.

Ermənistanın hakimiyyət dairələrinin mənsublarının son
həftələrdə üstüörtülü şəkildə dedikləri, eyham vurduqları
gerçəkləri Nikol Paşinyan artaşatlı tərəfdarları ilə görüşdə açıq
deyib.

Gec olsa da, etirafdır – amma N.Paşinyanın sözlərinə inanmaq
sadəlövhlük olardı. 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa
çatandan dəri N.Paşinyan çox bəyanatlar və vədlər verib, ancaq onun
dediklərinin reallaşma səviyyəsi həddən ziyadə azdır.

İsa Məsihi xatırlayaraq bənzətmələrə varan, Ermənistanın
işğalında olan 8 kəndimizin (Qazax rayonunun 7 kəndi və Naxçıvanın
Kərki kəndi) hələ də azad etməyən İrəvan özünü sülhpərvər, bölgədə
stabilliklə əmin-amanlığın bərqərar olmasında maraqlı tərəf kimi
göstərməyə çalışır.

Qərb də Ermənistanı belə təqdim etməyə can atır.

Gerçəklik həmişə olduğu kimi, ikiüzlü siyasətdən, çoxyönlü
standartlardan və aşkar yalanlardan tam fərqlidir.

Paşinyan istədiyi qədər sülhdən, demarkasiya və delimitasiya
prosesinə başlamağın vacibliyindən, Qazax rayonunun 4 kəndinin ən
yaxın günlərdə azad ediləcəyindən bəhs edərək vədlər verə
bilər.

Bütün bunlar söz yığınından başqa heç nə deyil.

Ermənistan hazırda Azərbaycanla şərti dövlət sərhədinə
qoşunlarını yığır, şəsi heyəti, zirehli texnikanı və artilleriya
qurğularını sərhədimizin yaxınlığına yollayır.

Qəsdən həyata keçirilən prosesin əsas səbəbi aprelin 5-də
Brüssellə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş
naziri Nikol Paşinyan arasındakı görüşə “hazırlıq”dır.

Xatırladaq ki, həmin görüşdə Ermənistana Avropa İttifaqı
üzvlüyünə namizəd ölkə statusu, habelə təhlükəsizlik təminatlarının
verilməsi məsələləri müzakirə olunacaq. ABŞ və Avropa İttifaqının
Ermənistanla hərbi-siyasi təmasları gücləndirmək niyyətində
olmalarının sübutuna başqa hansısa dəlil gərək deyil.

“Konfrans” adlanan bu görüşlə bağlı rəsmi Bakının mövqeyi
bəllidir. Sülh sazişinin imzalanması prosesində aramsız qaydada
süni əngəllər yaratmaqda olan, revanşist təmayüllərin gücləndiyi,
Fransanın hamiliyinə və dəstəyinə güvənərək Bakı qarşısında yeni
şərtlər irəli sürən Ermənistan məhz Qərbdən vədlərinə güvənərək
şərti dövlət sərhədində təxribatlar hazırlamaqdadır.

Amma bütün bunlara, mövcud risklərə və çağırışlara, Qərbin
bölgədə formalaşdırmaqda olduğu yeni çətinliklərə rəğmən Bakı
regionda sülh və stabilliyin bərqərar olmasında israrlıdır.

Nikol Paşinyan isə həmişəki ampluasına sadiq qalaraq bəyanatları
və açıqlamaları ilə real əməlləri arasındakı uçurumu qoruyur. O,
sülhə meylli olduğunu deyir, ancaq sərhədə zirehli texnikanın,
artilleriya qurğularının və canlı qüvvənin yığılması Ermənistanın
baş nazirinin birbaşa göstərişi olmadan mümkün deyil.

Baş verənlərdə Fransanın ssenarisi açıq hiss olunur, çünki rəsmi
Paris bölgəmizdə yeni gərginlik yaratmaq, sonra da “Ermənsitanın
təhlükəsizliyinin təminatı” adı ilə qonşu ölkədəki hərbçilərinin
sayını artırmaq və yeni hərbi kontingenti Ermənistana yeritmək
fikrindədir.

Təbii ki, Fransa hərbçiləri birbaşa şəkildə yox, Avropa
İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) “heyətinin
gücləndirilməsi üçün nəzərdə tutulan kontingent” adı ilə
Ermənistana göndərilə bilər.

ABŞ, Fransa və Avropa İttifaqı bundan sonra da “Cənubi Qafqazda
sülhün və təhlükəsiz şəraitin bərqərarında, Azərbaycanla əlaqələrin
sürətlə inkişafında maraqlı olmaları” barədə bəyanatlar verə
bilərlər.

Amma Vaşinqton, Paris və Brüsselin açıqlamaları indiyədək
ikiüzlü, saxta olduğu kimi, bundan sonra da həmin məcrada
olacaq.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30
il ərzində həmin trio İrəvana qarşı bir sanksiya, xəbərdarlıq və ya
ultimatum ünvanlanmadı. Əksinə, Ermənistan hərbi, siyasi, texniki,
media və s. sahələrində tam dəstəkləndi, Azərbaycana qarşı isə
Şuşaşın işğal olunduğu, Xocalıda ermənilərin soyqırım törətdiyi
ildə “Azadlığa dəstək aktı”na 907-ci düzəliş tətbiq olundu.

Azərbaycanın erməni işğalından azad edilmiş torpaqlarının
bərpası, infrastruktun yaradılması, ərazilərin minalardan
təmizlənməsi, məcburi köçkünlərin yurdlarına qayıdışı və s. kimi
çox ciddi, genişmiqyaslı problemlərin həllində Bakıya dəstək
məqsədilə ABŞ və Avropa İttifaqı aprelin 5-də keçirməyə
hazırlaşdıqları konfransın analogiyası olan müzakirələr
keçirəcəklərmi? Ümumiyyətlə, Vaşinqtonla Brüsselin belə niyyəti
varmı?

Yox.

Bunun müqabilində Qərb sanki Ermənistan üçün yeni revanşizm
müstəvisi formalaşdırır, erməniləri yeni müharibəyə hazırlayır.

Fransanın, Hindistanın, Yunanıstanın və digər ölkələrin
Erimənistana satdıqları, bundan sonra da yollamağa hazır olduqları
silahla hərbi texnikanın da kimə qarşı istifadə üçün nəzərdə
tutulduğu aydındır.

Bakı bütün bunları görür, anlayır və Ermənistanı xəbərdar
edir.

Təxribatlardan ibarət siyasətə və davranışa görə məsuliyyəti
Ermənistanla yanaşı, bu süni dövləti himayə edənlər də
daşıyacaqlar.